Təhsildə ictimai nəzarət aktuallaşır

Təhsildə ictimai nəzarət aktuallaşır

Bu gün Azərbaycanda təhsilin modernləşdirilməsi və inkişafı istiqamətində müvafiq dövlət qurumları tərəfindən müxtəlif fəaliyyətlər həyata keçirilir. Lakin bu fəaliyyətlərin keyfiyyət və ictimai səmərəliliyi zamanla cəmiyyət tərəfindən həm dəstəklənir, həm də tənqid edilir. SİA-nın xəbərinə görə, təhsil sistemində şəffaflığın artırılması da ictimaiyyət tərəfindən mütəmadi olaraq narahatçılqla qeyd olunur.


Bunları nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi bu gün regional ofislərinin iştirakı ilə "Təhsildə ictimai nəzarət" adlı toplantı keçirib.
Əsas məqsədi təhsildə baş verən neqativ halların aradan qaldırılmasına, ölkədə aparılan antikorrupsion fəaliyyətlərin dəstəklənməsinə, təhsilin inkişafına xidmət edən təşəbbüslərin reallaşdırılmasına və ən əsası təhsil prosesinə ictimai nəzarətin həyata keçirilməsinə kömək etmək niyyəti daşıyan toplantıda bir sıra qərarlar qəbul edilib. Yekun qərara əsasən tövsiyə edilib ki, təhsil müəssisələrində və ümumilikdə təhsil siyasətini həyata keçirən qurumların tərkibində şəffaf ictimai nəzarət modelləri yaradılsın.


Təhsil sahəsi ilə bilavasitə bağlantısı olan müxtəlif qeyri-hökumət təşkilatlarının da iştirak etdiyi toplantının yekununda Gənclər üçün Təhsil Mərkəzinin proqram rəhbəri Rasim Ağayev çıxış edərək bildirib ki, qəbul edilmiş bütün qərarlarla bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcək və təhsil sisteminin inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçiriləcəkdir.


Qeyd edək ki, toplantının cari ayın sonunda yenidən keçirilməsi də planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə