Təhsil Nazirliyində müşavirə keçirilib

Təhsil Nazirliyində müşavirə keçirilib

Fevralın 24-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov cari ilin yanvarında nazirliyin bütün struktur bölmələrinin 2010-cu ildə gördüyü işlərə dair hesabatlarının dinlənildiyini və bu tədbirlərin qarşıda duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyəti olacağını bildirib.

Sonra Misir Mərdanov "Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair" təqdimat-məruzə ilə çıxış edib. Öncə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı ötən il 37 sənədin hazırlandığını və onlardan 32-nin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirən nazir onu da əlavə edib ki, həmin sənədlərdən 3-ü təsdiqolunma, 2-si isə hazırlanma mərhələsindədir. Daha sonra təhsil naziri müvafiq sənədlərin toplu şəklində çap olunaraq yerlərə göndərilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Təqdimat-məruzəsində 2010-cu ildə keçirilmiş kollegiya və müşavirələr barədə məlumat verən Misir Mərdanov hər bir struktur bölmənin il ərzində gördüyü işlərə dair kollegiya və ya digər tədbirin keçirməsinin labüdlüyünü vurğulayıb.

Nazir ötən il bir sıra Dövlət proqramları, Fəaliyyət planları və müsabiqələr üzrə görülmüş işlərə dair hesabatların hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunduğu haqda məlumat verib. Təhsil sahəsindəki Dövlət proqramları və layihələr çərçivəsində müvafiq işlərin həyata keçirildiyinə diqqət çəkən təhsil naziri, eyni zamanda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nazirliyin struktur bölmələrinin komponent və alt komponentləri üzrə əsas vəzifələrini qeyd edib. Misir Mərdanov, həmçinin Dünya Bankı ilə birgə təhsil sahəsində görülən işlərdən bank əməkdaşlarının razı qaldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Ötən il Təhsil Nazirliyinə daxil olan ərizə və məktublar barədə məlumatları diqqətə çatdıran Misir Mərdanov bu işin səmərəli təşkili, həmin sənədlərin vaxtında cavablandırılması, hər bir müraciətin ciddi araşdırılması, qaldırılan məsələlərin qanunauyğun şəkildə həll olunması və vətəndaşların qəbulu məsələsinə diqqətin artırılması ilə əlaqədar nazirliyin struktur bölmə rəhbərlərinə konkret tapşırıqlar verib.

Sonra nazir ayrı-ayrı struktur bölmələrə verilən tapşırıqları, qarşıda duran vəzifələri sadalayıb və onların icra vəziyyəti ilə maraqlanıb. Müşavirədə təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərini əla qiymətlərlə bitirənlərə qızıl və gümüş medalların verilməsi mexanizminin işlənib hazırlanması, təhsil sənədlərinin tanınması ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması, 5 yaşlıların məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlərlə bağlı fikirlərini bildirib, struktur bölmə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə