“Azərbaycan universitetlərinin xarici əlaqələrini genişləndirməsi çox müsbət haldır” – Almaniyalı müəllim yazır
Qərbi Kaspi Universitetinin müəllimi, Filologiya və Tərcümə Məktəbinin dekanı, Maurus Rollerin “Azərbaycanda müasir təhsil” başlıqlı məqaləsini təqdim edirik.
XXI əsrdə dünya durmadan inkişaf edir. Bu gün internet, müasir kommunikasiya vasitələri və yeni texnologiyalar yaşadığımız mühitdə aparıcı mövqe tutmağa başlayır, diqtə edir, idarə edir, insanı əvəz edir və s. İnkişafdan kənarda qalmaq mümkün deyil, bütün istiqamətlərdə innovasiyalar bizi izləyir və biz həyatımızı onlara uyğunlaşdırmalı oluruq.
Sovet imperiyasının süqutundan sonra Azərbaycan xeyli inkişaf etmişdir. Sovet imperiyasının xüsusiyyətlərini itirmiş, müasirləşən və sürətlə inkişaf edən ölkə beynəlxalq şirkətlərin və xarici işçilərin diqqətini çəkməkdədir. Müasirləşən və qloballaşan dünyanın ayrılmaz hissəsinə çevrilən Azərbaycan beynəlxalq nüfuzlu ölkələr sırasında öz yerini tutur.
Qlobalizasiya tələbləri ilə üzləşmək o demək deyil ki, öz mədəniyyət və tarixindən imtina edəsən. Bunun üçün bugünü və keçmişi, müasirliyi və ənənəviliyi özündə birləşdirən uyğun bir yanaşmanın olması mühüm amillərdən biridir. Ölkənin mədəniyyəti ilə bağlı xüsusiyyətləri itirməməsi üçün mədəni irsini və ənənələrini qoruması ilə yanaşı, həmçinin müasir dünyada baş verən yeniliklərə də adaptasiya olması önəmlidir.
Bunun üçün yaxşı təşkil olunmuş və gənc nəslin beynəlxalq çərçivədə bacarıqlarını və istəklərini əks etdirən yüksək təhsil tələb edilir. Hal-hazırda təhsil üzrə ən yaxşı reputasiyaya malik olan ali təhsil ocaqları Qərb ölkələrində - ABŞ və Avropada yerləşir. Azərbaycan universitetlərinin xarici təhsil ocaqları ilə əməkdaşlıq etməsi çox müsbət bir haldır. Bu mənada mən Qərbi Kaspi Universitetinin Avropanın və ABŞ-ın aparıcı təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrini xüsusi olaraq qeyd edə bilərəm. Qərb universitetlərində təhsil alan müəllimlərin Azərbaycanda yerləşən universitetlərdə çalışmaları tələbələrin müasir bilik və bacarıqlara malik olmasında rol oynayan köməkçi amillərdən biridir. Universitetlərin müasir kurikulum, tədris
metodlarından və dərs vəsaitlərindən istifadə etməsi vacib tələblərdəndir. Yalnız qeyd edilən halda tələbələr beynəlxalq təhsil standartlarına uyğun bilik və bacarıqlar, eləcə də İngilis dili biliklərinə yiyələnməsi mümkün olacaqdır.
Azərbaycan zəngin adət-ənənələrə malik olan gözəl bir ölkədir. Və əlbəttə ki, ölkəni parlaq gələcək gözləyir. Qərbi Kaspi Universitetində çalışmağa başladığım zaman, mənim əsas məqsədim müasir təhsil müəssisələrində istifadə edilən metodlardan istifadə etmək idi. Qərbi Kaspi Universiteti mənə və mənim əcnəbi həmkarlarıma bu ideyanı tətbiq etmə imkanı yaratdı. Milli dəyərlər saxlanılmaqla yanaşı, Azərbaycanlı tələbələrə gələcək karyeralarında uğurlar qazandıracaq Qərb standartlarına malik bilik və bacarıqlar da aşılanmalıdır.
Dr. Maurus Roller
Qərbi Kaspi Universitetinin Filologiya və tərcümə məktəbinin dekanı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB