ADU-nun rektoru imtahanların gedişini izləyib

ADU-nun rektoru imtahanların gedişini izləyib

Yanvarın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində I və II kursda keçirilən imtahanların gedişini izləyib. SİA-nın xəbərinə görə, izləmə prosesində Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva, ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev iştirak edirdi.

Kommunikativ qrammatika, Müasir Azərbaycan dili, ABŞ-ın coğrafiyası, İnformatika və komyuter texnologiyası, İngilis dili, Alman dili, Fransız dili və Norveç dili fənləri üzrə keçirilən imtahanların gedişatı ilə tanış olan rektor S. Seyidov normativ sənədlərə baxış keçirdi.

Qeyd edək ki, Norveç dili fənnindən olan imtahan norveçli müəllim Helene Quldbrandsenn tərəfindən aparılırdı. İmtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini deyən rektor şikayətlərlə bağlı universitetdə Operativ Qərargahın, eyni zamanda "Qaynar xətt"in fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırdı.

Universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını nəzərə çatdıran S. Seyidov imtahanlarda tələbələr uğurlar arzuladı. O, kredit borclarının yerinə yetirməyin vacib olduğunu da vurğuladı.

Xatırladaq ki, ADU-da qış imtahan sessiyası yanvarın 5-dən başlayıb. Yanvarın 31-dək davam edəcək qış imtahan sessiyası 7 fakültənin (1 saylı İngilis, Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani gündüz, 1 fakültənin isə (2 saylı İngilis dili fakültəsi) əyani gündüz və axşam bölmələrində aparılır.

Fakültələrdə imtahan-yazı işlərinin kodlaşdırılmasını təmin etməsi üçün tədris hissəsinin 4 əməkdaşı fakültələrdə imtahan-yazı işlərinin kodlaşmasını həyata keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə