Təhsilimizin keyfiyyətinə birbaşa təsir göstərən AMİLLƏR

Təhsilimizin keyfiyyətinə birbaşa təsir göstərən AMİLLƏR

Təhsil Nazirliyi Azərbaycanda ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amilləri açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, bölgələrdə təlim-tərbiyə şəraitinin yaxşılaşdırılması, növbəliliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yüzlərlə yeni məktəb binasının inşası, maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir.

Bundan əlavə, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əməkhaqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmələrin keçirilməsi, dərs ilinin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi bu tədbirlər siyahısındadır.

Yerlərdə aparılmış monitorinq və araşdırmalar göstərir ki, son illər nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər var.

"Bununla belə, etiraf olunmalıdır ki, ümumi təhsilin hazırkı keyfiyyət səviyyəsinin davamlı surətdə yaxşılaşdırılması üzrə təsirli tədbirlərin görülməsi ən zəruri vəzifə kimi meydana çıxır" - deyə, məlumatda qeyd olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə