Səfir Pakistan universitetləri ilə əməkdaşlığı müzakirə edib

Səfir Pakistan universitetləri ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Quaid-i-Azam Universitetinin vitse-rektoru Caved Əşrəf və Preston Universitetinin rektoru Abdul Basit ilə görüşüb. SİA-ya ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, hər iki universitetdə keçirilmiş görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud olan səmimi dostluq münasibətlərindən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Pakistanda elm və təhsil sahəsində də həyata keçirilən sosial-humanitar layihələrin yaratdığı imkanlardan bəhs olunub.

Həmçinin, qarşılıqlı tədqiqatların aparılması, tələbə mübadiləsinin həyata keçirilməsi, elmi əlaqələrin, iki ölkənin universitetləri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd edilib. Universitetlərdə hər iki ölkənin əlamətdar günlərinə dair, həmçinin, Azərbaycan həqiqətlərinə, eləcə də Azərbaycan və Pakistanın görkəmli şəxsiyyətlərinə, elm adamlarına dair birgə konfrans, seminar və digər yığıncaqların keçirilməsi qərara alınıb.

Məlumat üçün bildirilir ki, Pakistanın Quaid-i-Azam və Preston universitetləri ölkənin ən nüfuzlu və ilk yaradılmış universitetlərindən sayılırlar. Quaid-i-Azam Universitetin rektoru Pakistan Prezidenti Məmnun Hüseyndir.

Bütün xəbərlər Facebook səhifəmizdə