Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyası "Alimlər evi"nin təşkilatçılığı ilə AMEA alimlərinin Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşü keçirilib. Akademiyadan SİA-ya verilən xəbərə görə, tədbirdə "Alimlər evi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və digər alimlər, eləcə də Azərbaycan Dillər Universitetinin tələbə-müəllim heyəti iştirak ediblər.
Tədbir AMEA-nın elmi nailiyyətlər sərgisini ziyarətlə başlayıb. Hər kəsdə böyük marağa səbəb olan sərgi ilə tanışlıq alimlərin ayrı-ayrı mövzulardakı elmi məruzələri ilə davam etdirilib. Professor Misir Mərdanov Azərbaycanda xarici dillərin tədrisi tarixindən, Xarici Dillər Universitetinin yaranması və inkişafından danışıb: "Xarici dil mütəxəssislərinə böyük ehtiyacı nəzərə alaraq Azərbaycan Xalq Maarif Komisarlığı Respublika Hökumətinə müraciət edir və Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin açılmasını xahiş edir. Bu müraciətə əsasən, 1937-ci il Azərbaycan SSR Xalq Komisarları Soveti Azərbaycan Pedaqoji İnstitutunda xarici dillər fakültəsinin təşkil edilməsi haqqında qərar qəbul edir. 1941-ci ildə fakültənin ilk buraxılışı olur". Məktəblərdə xarici dilin tədrisindən, xarici dil kursları və dərnəklərin təşkilindən bəhs edən alim hazırda müəssisənin bu istiqamətdə yüksəkixtisaslı kadrlar yetişdirdiyini diqqətə çatdırıb.
Bundan başqa, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev "Azərbaycanda yeni arxeoloji tədqiqatlar" adlı məruzə ilə çıxış edib. Alim son illərdə qədim tariximizin, maddi mədəniyyət abidələrimizin öyrənilməsinə göstərilən hərtərəfli dövlət qayğısı sayəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun geniş çöl tədqiqat işləri həyata keçirdiyini, arxeoloji tədqiqat işlərinin canlanması nəticəsində əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkar edilərək dəyərli etnoqrafik məlumatlar toplandığını deyib: "Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqat işlərinin genişləndirilməsi institutumuzun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bu bölgədə yalnız 2015-ci ildə həm beynəlxalq tərkibli (Azərbaycan-Almaniya), həm də institutun müstəqil ekspedisiyası tərəfindən əvvəllər elmə məlum olmayan neolit, eneolit və tunc dövrlərinə aid yaşayış məskənləri və qəbir abidələri aşkar edilmiş, təsərrüfat işləri nəticəsində abidələrin dağılma təhlükəsinin qarşısı alınmışdır. Bununla yanaşı, Naxçıvan, Şamaxı-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində də irimiqyaslı qazıntı işləri aparılmış, yeni arxeoloji abidələr aşkara çıxarılmışdır".
Tədqiqat işlərində yerli arxeoloqlarla yanaşı, Avropanın müxtəlif ölkələrindən dəvət edilmiş mütəxəssislərin də çalışdığını bildirən arxeoloq birgə aparılan çöl işlərinin Azərbaycanın qədim dövr abidələri və zəngin tarixi barəsində informasiyaların bütün dünyada geniş yayılmasına şərait yaratdığını nəzərə çatdırıb.
Müzakirə olunan mövzular ətrafında tələbələrə ətraflı məlumatlar verilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB