Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏTM) həyata keçirdiyi məktəb şagirdləri kateqoriyası üzrə qaib olmuş Azərbaycan məktəblisi Hüseyn Hacıyevin təltifetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə hökumət və dövlət rəsmiləri, ali məktəb rektorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) haqqında qonaqlara məlumat verərək bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) yaradıcılıq fəaliyyətini stimullaşdırmaq üçün hər il müxtəlif formatlı tədbirlər həyata keçirir: "Belə tədbirlər sırasına ilk dəfə olaraq məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə 2015-ci ildən ÜƏTM Mükafatının verilməsi nəzərdə tutulub. Yeni qaydalara uyğun olaraq bu müsabiqədə ÜƏTM-nin üzv dövlətlərində yaradıcılıq nailiyyətləri ilə fərqlənən məktəblilər iştirak edə bilərlər. Ölkəmizin nümayəndəsinin qeyd olunan yaradıcılıq müsabiqəsində iştirakı ilə əlaqədar ötən il bütün zəruri tədbirlər görülüb, bununla əlaqədar Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyi tərəfindən ÜƏMT-nin Mükafatlar Proqramının yeni qaydalarına uyğun olaraq məktəb şagirdləri kateqoriyası üzrə namizədin müəyyən edilməsi üçün seçim turu keçirilib və onun nəticələrinə əsasən Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Hüseyn Hacıyev qalib hesab edilib".
Kamran İmanov qeyd edib ki, Hüseyn Hacıyev Bakı Avropa Liseyinin şagirdidir: "O, "Microsoft Azərbaycan" Şirkəti və İnformatika üzrə olimpiada mərkəzinin rəhbərliyi və köməkliyi ilə bir sıra yaradıcılıq uğurları qazanıb. Mükafat medal, xatirə hədiyyəsi və sertifikatdan ibarətdir. Bu mükafat Azərbaycan məktəblisinin böyük uğurudur".
Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov və digərləri çıxış edərək Hüseyn Hacıyevə dərslərində müvəffəqiyyət arzu ediblər, ona ən xoş arzularını çatdırıblar.
Sonda hər kəsə təşəkkürünü bildirən Hüseyn Hacıyev mükafatı qazandığına görə sevincli olduğunu bildirib. O təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə təşəkkür edərək, bundan sonra daha uğurlu layihələrə imza atacağına inandığını dilə gətirib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB