Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Zeynalovanın təşkilatçılığı ilə "Tanıdım" layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, universitetin professor-müəllim heyəti, həmçinin 6 nömrəli İntellekt liseyi, 220 saylı orta məktəb, 43 saylı məktəb-liseyinin 9-10-cu sinif şagirdləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən dosent Sevinc Zeynalova şagirdləri universitetdə görməkdən məmnun olduğunu deyərək universitetin rəhbər şəxsləri və professor-müəllim heyətini onlarla tanış edib. Görüşün təşkilində dəstək olub və köməklik göstərən hər kəsə təşəkkürün bildirib.
İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov Azərbaycan Dillər Universiteti haqqında məlumat verərək universitetin böyük elmi potensiala malik olduğunu deyib. O, dünya dillərinin öyrədilməsinə xidmət edən ADU-nun əməkdaşları, tələbələri və müəllimlərinin bu nöqteyi-nəzərdən dünya ədəbiyyatından mütaliə etməklə digər ölkələrlə əlaqələr qurmağın mümkün olduğunu bildirib.
ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov şagirdləri universitetdə görməkdən şad olduğunu bildirib. Universitetdə gedən yeniliklərdən söz açan prorektor universitetin tədris prosesində tələbələrə yaradılan geniş imkanlardan danışıb. Azərbaycanda aparılan islahatlar nəticəsində ölkəmizin inkişaf prosesində olduğunu söyləyən prorektor iyunda Bakıda keçiriləcək İlk Avropa Oyunlarında könüllü iştirak edən ADU tələbələrinin fəallıqlarından danışıb.
Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov "Tanıdım" layihəsini yüksək qiymətləndirib. Özünün həyatında bütün pillələrin ADU ilə bağlı olduğunu deyən prorektor ali təhsil müəssiəsinin öndəgedən universitetlərdən biri olduğunu söyləyib. ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verən D. Yunusov özünün rəhbərlik etdiyi Elmi hissənin gördüyü işlərdən danışıb. Universitetdə nəfis tərtibatlı 3 elmi jurnalın dərc olunduğunu, elmə maraq göstərən gənclərin məqalələrinin çap olunduğunu qeyd edən professor ADU-nun Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən danışıb.
Pedaqoji fakültənin dekanı, professor Fikrət Cahangirov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev rəhbərlik etdikləri fakültələrin fəaliyyəti, tələbələrin uğurları, onların xarici ölkələrə təhsil almaq üçün göndərilməsi ilə bağlı məlumat verdilər. ADU-nun məzunlarının aparıcı müəssisələrdə yüksək vəzifələrdə çalışdıqlarını qeyd edərək beynəlxalq əlaqələrindən danışıblar.
6 nömrəli İntellekt liseyinin 2011-ci il "İlin müəllimi" adına layiq görülmüş müəllimi Əminə Səfərova və 220 saylı orta məktəbin Tərbiyə işləri üzrə müdiri Təranə Axundova çıxış edərək çalışdıqları məktəb və məktəbin şagirdləri haqqında danışdılar. Universitet heyətinin dolğun məlumatına görə təşəkkürlərini bildirərək təşəbbüsü yüksək qiymətləndiriblər.
Görüşdən sonra şagirdlər ADU-nun İnformasiya Resurs Kompleksi, Çin dili mərkəzi, Yapon dili mərkəzi, Avstriya kitabxanası, İsrail və yaxın Şərq araşdırmalar mərkəzi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB