“Emerson Process Management” şirkətinin vitse-prezidenti BANM-da olub FOTO

“Emerson Process Management” şirkətinin vitse-prezidenti BANM-da olub FOTO

"Emerson Process Management" şirkətinin Marketinq və Tətbiqi Texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində olub. BANM-dan SİA-ya verilən məlumata görə, əməkdaşlıq proqramı çərçivəsində məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib.

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanması Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirib. O, qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaradılması xarici neft-qaz şirkətləri ilə əməkdaşlığın inkişafına, eyni zamanda peşəkar mütəxəssisləri tədris prosesinə cəlb etməyə xidmət edir. Keçirilən tədbirin "Emerson" şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addım olduğunu iştirakçıların diqqətinə çatdıran rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, koorporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.

Öz növbəsində "Emerson Process Management" şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-nın rəhbərliyinə təşəkkür edib. O bildirib ki, bu tədris ocağını seçən Ali Məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq insanlarıdır: "Bu tələbələr Ali Məktəbə qəbul olunma prosesinin bütün mərhələlərini aşaraq, təcrübəli mütəxəssislərdən və müəllimlərdən müasir, yüksək biliklər alma şansını əldə ediblər. Proseslərin avtomatlaşdırılması sahəsinin mütəxəssisləri gələcəyin sənaye müəssisələrin beyinləri olaraq, texnoloji proseslərin lazımi səmtdə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etməkdə əhəmiyyətli rol oynayırlar".

T.Heskesi öz çıxışında həmçinin qeyd edib ki, Azərbaycan "Emerson" şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır. Şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu baxımdan "Emerson" şirkəti, başqa şirkətlər kimi dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir. Bu layihə çərçivəsində də BANM ilə əməkdaşlıq, şirkətin ilk təcrübəsidir.

Daha sonra Trevis Heskesi BANM-ın rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənaye müəssisələrində rolu və hədəflərin, "Emerson" şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarəedilməsi haqqında geniş təqdimatla çıxış edib.

Təqdimatdan dərhal sonra "Emerson" şirkətinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Tədbirin sonunda BANM-ın rektoru Elmar Qasımov "Emerson Process Management" şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-da görməkdən məmnunluq ifadə edib və tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə təşəkkür edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayının 8-də BANM və "Emerson" şirkəti biznes-strukturlarından biri olan "Emerson Process Management" şirkəti ilə əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə