5 oktyabr – Beynəlxalq Müəllimlər Günü Lənkəranda da təntənəli şəkildə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri açan şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova bayram münasibətilə bütün müəllimləri təbrik edib, son illərdə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, yeni məktəb binalarının tikintisindən, qazanılmış uğurlardan söhbət açıb.
Təhsil rəsmisi sonda Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən veteran müəllim Söhbət Ağayevin və şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi Xədicə Əzimovanın "Tərəqqi" medalına layiq görüldüklərini diqqətə çatdırıb, onları təhsil işçiləri adından təbrik edib.
Sonra təbrik üçün söz Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşova verilib. Bütün Azərbaycan ictimaiyyətinin Beynəlxalq Müəllimlər Gününü bayram etdiyini vurğulayan İcra başçısı qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə həmişə yüksək qiymət verib, onların sosial qayğılarını daim diqqət mərkəzində saxlayıb. Hazırda möhtərəm prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Respublikamızın bütün guşələrində məktəb tikintisinə, elm və təhsilə xüsusi önəm verilir, Heydər Əliyev Fondu tərəfindən respublikamızın ən ucqar dağ kəndlərində yeni, müasir tələblərə cavab verən məktəb binaları tikilir.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirib, təhsilimizin keyfiyyətinin ilbəil yaxşılaşdığını söyləyib, növbəti illərdə bu uğurların daha da artırılmasının vacibliyini bildirib.
İcra başçısı sonra gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə təhsildə fərqlənən bir qrup təhsil işçisinə ŞİH-nin və ŞTŞ-nin fəxri fərmanlarını və hədiyyələrini təqdim edib.
Rayonun incəsənət ustalarının ifasında səslənən şux, oynaq melodiyalar, 15 saylı uşaq bağçası fidanlarının və Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzinin rəqs qrupunun rəngarəng çıxışları tədbir iştirakçılarında xoş ovqat oyadıb.
Sərraf Mirsəfəroğlu




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB