AMEA-da yeni institut yaradılacaq

"Azərbaycan Milli Elmlər Akademiyasında yeni elmi qurumlar yaradılmalıdır. Bu baxımdan AMEA-da yeni Neft İnstitutunun yaradılması nəzərdə tutulub". SİA-nın məlumatına görə, bu fikirləri mətbuat konfransında AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, institutun yaradılması olduqca vacib məsələdir: "Azərbaycan neft diyarıdır, belə bir institut olmalıdır. Hazırda bu məsələyə Prezident Administrasiyasında baxılır".

O bildirib ki, Azərbaycanda müasir Xəzər Mərkəzi də yaradılır: "Prezident İlham Əliyev bununla bağlı sərəncam verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA hazırda bu Mərkəzin yaradılması ilə məşğuldur".

Akif Əlizadə AMEA-da şərqşünaslıq istiqamətində fəaliyyət göstərəcək qurumun yaradılması niyyətinin olduğunu da qeyd edib.

AMEA-nın prezidenti bu yaxınlarda akademiyanın institutlarına boş direktor yerlərinə müsabiqə barədə elan veriləcəyini bildirib: "İnstitutlara bacarıqlı alimlər rəhbərlik edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə