Bakı Ali Neft Məktəbində tələbələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi"mövzusunda elmi-texniki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrinin ilk konfransının Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbində cəmi 7 ay ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini, onların yüksək biliklərə malik olmasını, Ali Məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib. E. Qasımov tələbələrin eyni zamanda digər ali məktəblərdə keçirilən elmi forumlara məruzələrin təqdim etdiyini də vurğulayıb.
Tədbirdə iştirak edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev və AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov tələbələri ilk konfransın keçirilməsi münasibətilə təbrik edib, onların kompüter və informasiya-kommunikasiya texnologiyalarını ilk təhsil illərində dərindən mənimsəmələrinin təqdirəlayiq olduğunu qeyd edib və konfransın işində uğurlar arzulayıb.
Daha sonra tələbələrin konfransın Təşkilat Komitəsi tərəfindən seçilmiş 20 məruzəsi, onlardan 10-u Azərbaycan, 10-u isə ingilis dilində dinlənilib. Bu məruzələr kompüter və informasiya - kommunikasiya texnologiyalarının mühəndislik işində istifadəsi, o cümlədən ən müasir proqram təminatlarının neft ehtiyatlarının qiymətləndirilməsində, seysmik məlumatların emalında və interpretasiyasında, neftçıxarmada geofiziki problemlərin həllində, neft boru kəmərlərində istismar parametrlərinin ölçülməsində, boru kəməri sistemlərinin simulyasiyasında və analizində, qərarqəbuletmənin avtomatlaşdırılmasında, kimyəvi maddələrin quruluşunun öyrənilməsində, kimyəvi proseslərin və reaksiyaların simulyasiyasında, kimyəvi qurğuların layihələndirilməsində, dinamik sistemlərin modelləşdirilməsinin tətbiqi məsələlərinə həsr olunub. Bütün məruzələr konfrans iştirakçılarına multimedia vasitələri ilə təqdim olunub və böyük maraqla qarşılanıb.
Qeyd edək ki, münsiflər heyəti tərəfindən ən yüksək qiymətə layiq görülmüş məruzələrin müəllifləri Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB