“Biznesin idarəedilməsi” magistratura proqramı istifadəyə verildi

“Biznesin idarəedilməsi” magistratura proqramı istifadəyə verildi

Bu gün Azərbaycan Diplomatik Akademiyasında "Biznesin idarəedilməsi" (Executive MBA) magistratura proqramının rəsmi açılış mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, təhsil nazirinin müavini Qulu Novruzov, Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinde, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib.

Rektor Hafiz Paşayev bildirib ki, bu gün akademiya 7 illiyini qeyd edir. Onun sözlərinə görə, akademiyada hər il bir yenilik baş verir: "Bu il belə yeniliklərdən biri ADA-da "Biznesin idarəedilməsi" proqramının başlanmasıdır və sentyabrdan biz artıq tələbə qəbuluna da başlayacağıq. Bu proqram üzrə oxuyacaq tələbələr ikili diplom alacaqlar və bu da o deməkdir ki, yaxşı təhsil almaq üçün bizim tələbələrin xaricə getməsi heç də vacib məsələ olmayacaq".

Səfir A. Uiyterlinde iki tərəfdaş ölkə arasında bu cür layihənin həyata keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, bu proqram Azərbaycan və Niderland tələbələrinin şəbəkələşməsinə, onlar arasında təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, ADA-da 2013-2014-cü tədris ilindən başlayaraq tələbə qəbul edəcək yeni "Biznesin idarəedilməsi" magistratura proqramı 2 illik ali təhsil proqramıdır və azı 4 illik iş təcrübəsi olan namizədlər üçün nəzərdə tutulub. "Executive MBA" Azərbaycan Diplomatik Akademiyası ilə Niderlandın Maastriht Menecment Məktəbi arasında ikili dərəcə proqramıdır, yəni proqramın sonunda məzunlar həm ADA-nın, həm də Maastriht Menecment Məktəbinin diplomları ilə təltif olunacaqlar. Dərslər ADA və Maastriht Menecment Məktəbinin professorları tərəfindən aparılacaq. Tələbələrin proqramın bir hissəsini Niderlandda bitirməsi nəzərdə tutulub. Sənəd qəbulu rəsmi açılış günündən başlayaraq cari il iyunun 15-dək davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə