Nazirlik vakant yerlərə müsabiqə elan edib

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, vakant ştat vahidləri əsasən nazirliyin icra xidmətində regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrindədir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qulluğa qəbulla bağlı tələb və şərtlərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları göstərilən ədliyyə sahələrində çalışmaq üçün müsabiqəyə dəvət olunur.

Xatırladaq ki, müsabiqənin birinci mərhələsində test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2013-cü ilin fevral ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar).

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Eyni zamanda bildirək ki, nazirliyin penitensiar və tibb xidmətlərinə, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə