Nəsimi rayonunda Müəllimlər Günü qeyd edildi
Bu gün dünya ictimaiyyətinin hər zaman məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramıdır. Dünən Nəsimi rayon icra hakimiyyəti YAP Nəsimi rayon təşkilatı ilə birlikdə "Qızıl Tac" restoranında Müəllimlər Günü münasibətilə tədbir keçirib. 150 nəfər pedaqoji işçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev müəllimləri bütün ictimaiyyətin məhəbbətlə qarşılandığını söyləyərək, bu bayramın beynəlxalq səviyyədə keçirildiyini bildirib: "5 oktyabr tarixinin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir. Belə bir məfhumları özündə cəmləşdirən şərəfli peşə sahibinin peşə bayramının respublika səviyyəsində qeyd olunması ona olan qiymətin bir ölçüsüdür. Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan elə müəllimdir. Bu baxımdan müəllimlik peşəsi heç bir peşə ilə ölçüyə gəlməyən bir sahədir".
N.Məhəməliyev onu da bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi və demokratiyanın inkişaf yolu məhz təhsildən keçir: "Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı strategiyanın əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması idi. Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində apardığı siyasəti və islahatlar dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Sosial tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun mühüm rolunu qeyd vurğulayan N.Məhəməliyev rayonda bir sıra sosial təyinatlı obyektlər, o cümlədən, əqli cəhətdən zəif olan uşaqlar üçün 268 saylı xüsusi məktəb və atılmış uşaqlar üçün nəzərdə tutulmuş 1 saylı körpələr evi fondun təşəbbüsü və maliyyə dəstəyi ilə əsaslı təmir edildiyini bildirib: "Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2012-2013-cü tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilmiş, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilmişdir".
Bayram tədbirində YAP Nəsimi rayon təşkilatınnı sədri, millət vəkili Məlahət İbrahimqızı ölkəmizdə gedən yenidənqurma işləri, iqtisadi, mədəni sosial sahələrdə aparılan islahatların təhsilin inkişafına təsirini bildirdi: "Gələcəyin inkişafı onun təhsilindən başlayır. Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq olunur. Təhsil cəmiyyətimizdə yüksək yer tutan böyük qüvvə olmaqla yanaşı, cəmiyyətimizin öndə gedən sahələrindən biridir. Hansı sahədə işləməsindən asılı olmayaraq, gənclərimizi yüksək təhsilə malik olması vacib amillərdəndir".
Keçirilən tədbirdə bir qrup təhsil işçilərinə Nəsimi rayon icra hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr verildi.
Sonda H.Sarabski adına Mədəniyyət Evinin özfəaliyyət kollektivinin rəngarəng çıxışları tədbir iştirakçılarında xoş ovqat yaratdı.
R.Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB