TQDK növbəti buraxılış imtahanlarını keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, iyunun 8-də hər bir rayon üzrə saat 10:00-da XI siniflər, elə həmin gün 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdirəcəklər.

11-ci sinif şagirdləri imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. 9-cu sinif şagirdləri isə imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnamə) təhsil müəssisəsi tərəfindən verilən və fotoşəkilləri yapışdırılan arayışı gətirməlidirlər.

İyunun 8-də saat 10:00 da orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 32 imtahan mərkəzi ayrılıb. İmtahan Sumqayıt şəhərində 5, Xətai rayonunda 1, Abşeron rayonunda 4, Xızı rayonunda 1, Siyəzən rayonunda 1, Şamaxı rayonunda 2, İsmayıllı rayonunda 3, Qobustan rayonunda 1, Quba rayonunda 6, Şabran rayonunda 2, Qusar rayonunda 3, Xaçmaz rayonunda isə 3 binada keçiriləcək. İyunun 8-də adı çəkilən rayonlar üzrə 10692 nəfər XI sinif şagirdinin (Xətai rayonunda 437, Sumqayıt şəhərində 3224, Abşeron rayonunda 1539, Xızı rayonunda 135, Siyəzən rayonunda 377, Şamaxı rayonunda 513, İsmayıllı rayonunda 909, Qobustan rayonunda 278, Quba rayonunda 977, Şabran rayonunda 401, Qusar rayonunda 747, Xaçmaz rayonunda 1155 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

İyunun 8-də saat 15:00 da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 36 imtahan mərkəzi ayrılıb. İmtahan Sumqayıt şəhərində 7, Abşeron rayonunda 6, Xətai rayonunda 1, Xızı rayonunda 1, Siyəzən rayonunda 1, Şamaxı rayonunda 2, İsmayıllı rayonunda 3, Qobustan rayonunda 1, Quba rayonunda 6, Şabran rayonunda 2, Qusar rayonunda 3, Xaçmaz rayonunda isə 3 binada baş tutacaq. Həmin gün imtahan keçiriləcək rayonlar üzrə 17226 nəfər IX sinif şagirdinin (Xətai rayonunda 236, Sumqayıt şəhərində 4399, Abşeron rayonunda 2901, Xızı rayonunda 244, Siyəzən rayonunda 618, Şamaxı rayonunda 1087, İsmayıllı rayonunda 1206, Qobustan rayonunda 476, Quba rayonunda 2167, Şabran rayonunda 834, Qusar rayonunda 11413, Xaçmaz rayonunda 1917 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə