ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı başladı - FOTO

ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı başladı - FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başladı. ADU-dan SİA-ya verilən məlumata görə, konfransda giriş sözü ilə çıxış edən, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin böyük rolunun olduğunu vurğulayıb. Rektor Universitetdə yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edib. Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan S. Seyidov ADU-da yüksək səviyyəli mütəxəssislərin yetişdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. ADU-nun beynəlxalq əlaqələrinə toxunan rektor universitetin Böyük Britaniyanın Esseks Universiteti, Norveçin Oslo Universiteti ilə, eləcə də Fransa, İtaliya, İndoneziya və Malayziya universitetləri ilə olan əlaqələrindən söz açıb. ADU-da aparılan islahatlardan danışan S. Seyidov bu mütərrəqi addımların tədris prosesinin səviyyəsinin artırılmasına xidmət etdiyini bildirib. Elmli, bilikli tələbələrin gələcəyin yüksək kadrlar olacağına əminliyini ifadə edən rektor universitet məzunlarının müxtəlif orqanlarda çalışdıqlarını da qeyd edib. Respublika və beynəlxalq səviyyəli tədbirlərdə ADU tələbələrinin fəal şəkildə iştirak etdiyini deyən S. Seyidov bu il ölkəmizdə keçiriləcək beynəlxalq yarışlarda da universitet tələbələrinin əldə etdikləri biliklərdən istifadə olunacağını və onların bu tədbirlərdə iştirak edəcəyini söyləyib. Universitetin hər il 1000 nəfər mütəxəssis yetişdirdiyinə diqqət çəkən S. Seyidov gələn tədris ilindən qəbul planının artırıldığını bildirib: "2012-2013-cü tədris ilindən ADU-da nəzərdə tutulan qəbul planında dəyişiklik edilib. Yeni tədris ilində qəbul planı 500 nəfər artırılaraq 1500-ə çatdırılıb. Bu da dövlətimizin, Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan irəli gəlir. Ölkəmizdə təhsilə, elmə xüsusi diqqət ayrılır".

Rəhbərlik etdiyi universitetdə 5000 tələbənin təhsil aldığını qeyd edən S. Seyidov TEC-in konfransına 1000-ə yaxın məruzənin daxil olduğunu vurğulayıb.Rektor bunun yüksək göstərici olduğunu və tələbələrin elmə göstərdiyi xüsusi münasibət kimi xarakterizə edib.

S. Seyidov çıxışının sonunda professor-müəllim heyətinə minnətdarlıq edib və konfransın işinə uğurlar arzulayıb.

Sonra tələbələrin çıxışları dinlənilib. 2 saylı ingilis dili fakültəsinin IV kurs tələbəsi Cəmilə Orucova "Şəxsiyyətin "mən" obrazının formalaşması", 1 saylı ingilis dili fakültəsinin I kurs magistri Günel Novruzova "İngilis dilində cümlədaxili implist mübtədalar" və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin IV kurs tələbəsi Gültəkin Məmmədzadə "İndoneziya dilində alınma sözlər və onların struktur-semantik çalarları" mövzularında çıxışlar ediblər.


ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat verib. Prorektor 22 bölmədən ibarət konfransda 1000-ə yaxın məruzənin dinləniləcəyini bildirib.

Konfrans bölmə iclasları ilə öz işini davam etdirir.


Məlumat üçün bildirək ki, yekun iclas aprelin 21-də keçiriləcək.

Xatırladaq ki, ötən il TEC-in konfransına 640 məruzə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə