Ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu başlayır

Ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu başlayır

Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır. SİA-nın xəbərinə görə, bunun üçün bakalavr TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı \"Bakalavrın elektron ərizəsi\" formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar.

Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Bakalavrın elektron ərizəsi" formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatlarından istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.Bakalavrlar "Bakalavrın elektron ərizəsi" formasını fevralın 16-dək olan müddətdə doldurur və ərizələrini 2012-ci il fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirirlər. Onlar (elektron imzadan istifadə edən bakalavrlar istisna olmaqla) ərizələrini təsdiq etdirmək üçün müvafiq SQK-ya tələb edilən sənədlərin əsillərini şəxsən təqdim edirlər.

Cari ilin məzunları "Bakalavrın elektron ərizəsi" formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları "Bakalavrın elektron ərizəsi" formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
"Bakalavrın elektron ərizəsi" formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər "Magistr" jurnalının 2-ci sayında dərc olunub.

Magistraturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Birinci mərhələnin imtahanı fevralın 26-da keçirilir və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.

Qeyd edəık ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsinin iyun ayında keçirilməsi nəızərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə