Ölkənin ümumi təhsil müəssisələrində şahmat müstəqil fənn kimi tədris olunacaq

Ölkənin ümumi təhsil müəssisələrində şahmat müstəqil fənn kimi tədris olunacaq

Təhsil Nazirliyində ölkənin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, şahmat üzrə tanınmış mütəxəssislər və ixtisaslaşmış şahmat məktəblərinin rəhbərləri iştirak ediblər. Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər şahmat məktəbinin fəaliyyət göstərdiyini qeyd edən təhsil nazir bu məktəblərdə 2648 qrupda 36 mindən çox məktəblinin şahmatın sirlərini öyrəndiyini nəzərə çatdırıb. Respublikamızın ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin aktuallığını diqqətə çatdıran təhsil naziri Dövlət Proqramına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün görüləcək işlərin müəyyənləşdirilməsi məsələlərinə toxunub. Bu məqsədlə müvafiq tədris proqramının hazırlanmasının, məktəblərdə həmin fənni tədris edəcək müəllimlərin seçilməsinin zəruriliyini vurğulayan təhsil naziri, həmçinin dünya təcrübəsinin dərindən öyrənilməsinin gərəkli olduğunu bildirib. Nazir, ilk növbədə bu yeniliyin tətbiq olunacağı məktəblərin seçilməsi və qazanılmış təcrübə əsasında digər ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələlərinə baxılmasının daha səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Misir Mərdanov qeyd olunan məsələlərlə bağlı Azərbaycan Şahmat Federasiyasının Təhsil Nazirliyinə göndərdiyi təklifləri diqqətə çatdırıb, qarşıda duran müvafiq vəzifələrin həlli üçün tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov şahmatın inkişafına verilən dövlət dəstəyinə görə beynəlxalq aləmdə Azərbaycan təcrübəsinin yaxşı bir nümunə kimi qəbul olunduğunu qeyd edib. Şahmat Federasiyasının vitse-prezidenti ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisinin xalqın intellektual potensialının inkişafı və istedadlı gənclərin üzə çıxarılması baxımından əhəmiyyətindən bəhs edib, bu işin şagirdlərin asudə vaxtının səmərəli təşkilinə əlverişli zəmin yaradacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə