Qlazqo Universitetinin nümayəndələri ADU-da olublar

Qlazqo Universitetinin nümayəndələri ADU-da olublar

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Qlazqo Universitetinin Pedaqogika, İnnovasiya və Siyasət kafedrasının professoru Vivienne Baumfildi, Dil Mərkəzinin direktoru İster Dabornu və Ədəbiyyat və Etnologiya üzrə mühazirəçi Valentina Boldu ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, 1 saylı İngilis dili fakültəsinin dekanı Əfqan Abdullayev və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev də iştirak edib.

S.Seyidov universitet haqqında qonaqlara məlumat verərək 5000 tələbənin təhsil aldığını onların diqqətinə çatdırıb. O, ADU-nun Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlıq etdiyini bildirib və iki universitet arasında imzalanan müqavilənin şərtlərindən danışıb. Rektor Dillər Universitetində təhsil alan tələbələrin I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirərək ikili diplom alacaqlarını bildirib. Eyni zamanda Esseks Universitetinin professorlarının ADU-da işlədiyini vurğulayıb. Gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Qlazqo Universitetinin Pedaqogika, İnnovasiya və Siyasət kafedrasının professoru Vivien Baumfild ADU-nun açıq dərslərində iştirak etdiyini söyləyib, tələbələrin məsuliyyətli və çalışqan, müəllimlərin isə çox təcrübəli olduğunu bildirib. Professor vurğulayıb ki, əsas məsələ əməkdaşlığın təməlini qoymaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə