Xüsusi təyinatlı ali təhsil müəssisələrinin I və III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd verən abituriyentlərin nəticələri açıqlandı
Azərbaycan Respublikasının xüsusi təyinatlı ali təhsil müəssisələrinin I və III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd verən abituriyentlərin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, 2011/2012-ci tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Polis Akademiyasına keçid balı 435, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına isə 369 bal olub.
Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Adı çəkilən ali təhsil müəssisələrinə sənəd verən və müsabiqədən keçən tələbələr müvafiq olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Bundan əlavə, 20011/2012-ci tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd verən abituriyentlər arasında I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə aparılıb. Fövqəladə Hallar Nazirliyinin "Fövqəladə hallar və həyat təhlükəsizliyi" ixtisasına keçid balı 315, "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasına isə keçid balı 250, Milli Təhlükəsizlik Nazirliyinin I ixtisas qrupuna daxil olan "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasına keçid balı 337 olub. Müsabiqə nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB