“Yüksəliş” müsabiqəsi dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir - Ombudsman
“Yüksəliş” müsabiqəsi ölkəmizdə strateji idarəçilik mədəniyyətinin formalaşmasına, dövlətçilikdə intellektual kapitalın önə çəkilməsinə və bacarıqlı kadrların dövlətin inkişafında iştirak etməsinə geniş imkanlar yaradır. Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, eyni zamanda, Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. O bildirib ki, ölkəmizin 2030-cu ilədək müəyyən etdiyi 5 milli prioritetindən biri olan və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx uzlaşan rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması məqsədilə müasir biliklərin və rəqəmsal bacarıqların artırılması olduqca vacibdir: “Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan məqsəd və hədəflərin hər biri üzrə, xüsusilə keyfiyyətli təhsilin, gender bərabərliyinin, layiqli əmək və iqtisadi artımın təmini sahəsində nəticələr və nailiyyətlər əldə etməkdədir.
İxtisaslı kadrların insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Tərəfimizdən gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına ünvanlanan ardıcıl maarifləndirici tədbirlər təşkil olunur ki, bu da onların bilik və təcrübələrinin artırılmasına xidmət edir.
Gənclərin potensialından daha səmərəli istifadə etmək, professional peşə vərdişlərini inkişaf etdirmək və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında ildə 2 dəfə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramı təşkil olunur. Bununla yanaşı, hər il müxtəlif ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları Ombudsman Aparatında təcrübə keçirlər. Bu baxımdan təsadüfi deyildir ki, “Yüksəliş” müsabiqəsinin əməkdaşlıq etdiyi qurumlardan biri də Ombudsman təsisatıdır.
Mentoru olduğum “Yüksəliş” müsabiqəsinin qalibi əlilliyi olan şəxslərin hüquqlarına dair layihənin icrası prosesinə də cəlb olunub. Onun layihə çərçivəsində keçirilən görüşlərdə irəli sürdüyü təklif müsbət qarşılanıb və həmin təklifin reallaşdırılması istiqamətində ona zəruri dəstək göstərilib.
İnsan kapitalının formalaşmasına və inkişafına, habelə yeni baxışların idarəetmə proseslərinə inteqrasiyasına yönəlmiş ən uğurlu layihələrdən biri olan “Yüksəliş” müsabiqəsi yalnız iştirakçıların deyil, bütövlükdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə təşəbbüslər Azərbaycanın innovativ, şəffaf və insan yönümlü idarəetmə modelinə keçidinin bariz göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə