Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərlə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyində heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərlə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, görüşün keçirilməsində məqsəd heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərin heyvan kəsimi və ət satışı sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılması, eləcə də bu sahədə qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.
İştirakçılara məlumat verilib ki, agentlik ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir. Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri də bu sahədə öz fəaliyyətini təkmilləşdirməli və qida təhlükəsizliyi ilə əlaqədar qüvvədə olan bütün norma və tələblərə ciddi şəkildə əməl etməlidirlər.
Görüşdə agentliyin sədr müavini Rəşad Mafusov heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, xüsusilə qanunsuz heyvan kəsimi və ət satışı məsələsi barədə danışarkən bildirib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamına uyğun olaraq, bu ilin avqust ayından etibarən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə Bakıda və respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə 500-ə yaxın heyvan kəsimi və ət satışı məntəqəsində reydlər keçirilib və həmin reydlər zamanı 200-dən artıq baytarlıq-sanitariya ekspertizası aparılmayan heyvan kəsimi və ət satışı məntəqəsində qanunsuz metal konstruksiyalar sökülüb.
Sədr müavini bildirib ki, hazırda heyvan kəsimi və ət satışı fəaliyyəti ilə bağlı baytarlıq-sanitariya ekspertizası haqqında arayışların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) tərəfindən elektron qaydada verilməsi istiqamətində işlər görülür. Bu da öz növbəsində heyvan kəsimi və ət satışı kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə vaxta qənaət, operativ məlumat mübadiləsi, sürətli icranın təmin olunması, şəffaflıq və izlənmə mexanizminin formalaşdırılması və s. kimi geniş imkanlar yaradacaq.
Görüşdə qeyd olunub ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir.
Ət kəsimi yerlərində çalışanlar qida ilə birbaşa təmasda olduqlarına görə həmin məsələni xüsusilə diqqətdə saxlamalıdırlar.
Tədbirdə, müşayiətedici sənədləri olmayan ət məhsullarının qadağan olduğu, qida təhlükəsizliyinin mal qonşuluğu, qida zənciri və digər prinsiplərinə əməl edilməsinin vacibliyi bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə heyvan kəsimi fəaliyyəti ilə məşğul olanların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB