İqtisadiyyatda baş verənlər yaxın və orta müddətli perspektivlər üçün nə vəd edir? - İQTİSADÇI AÇIQLADI

İqtisadiyyatda baş verənlər yaxın və orta müddətli perspektivlər üçün nə vəd edir? - İQTİSADÇI AÇIQLADI

"Yaxın və orta perspektivdə dünya iqtisadiyyatında bir sıra məqamlar öz yerini alacaq. Pandemiya dövründə post-pandemiya dövründə çox şeylərin dəyişəcəyini, yeni sahələrin yaranacağı barəsində şişirdilmiş proqnozlar verilmişdi. Amma göründüyü kimi heç nə olmadı. Əvvəlcədən də bildirmişdim ki, pandemiya unudulub gedəcək və həyat öz axarına qayıdacaq. Pandemiyadan fərqli olaraq hazırkı böhranın izləri ciddi şəkildə qalacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, burada iqtisadi reallıqlar, bölgədəki güclər, logistik fəaliyyət istiqamətləri, ölkələrarası fəaliyyət istiqamətləri dəyişir və istehsal sahələrində olan fərqlər meydana çıxır: "Dünyada ərzaq böhranı səbəbindən ölkələr daha çox daxili istehsalın həcmini artırmağa fokuslanacaq. Ən azından ərzaq təhlükəsizliyi istiqamətində ölkələr prioritet olaraq əsas istiqamətlərini seçəcək. Təbii ki, bu baxımdan bir neçə ölkənin fəaliyyətində iqtisadi gücündə müəyyən dəyişikliklər olacaq. Bu ölkələr sırasına Rusiya, Azərbaycan, Türkiyə, Ukrayna və Ermənistanı daxil etmək olar.

Yaxın perspektivdə Rusiya və Ukrayna iqtisadiyyatında kiçilmələrin baş verməsi gözlənilir. Amma orta perspektivdə düşünürəm ki, Ukraynada müharibədən sonrakı dövrdə bərpa işləri sürətlə aparılacaq. Həmçinin Rusiyadan fərqli olaraq reabilitasiya prosesi daha sürətli gedəcək. Rusiyada isə hələ uzunmüddət sanksiyalar qalacaq. Qərb istəyinə nail olanadək bu sanksiyalar davam edə bilər və ya tədricən yumşalmalara gedilə bilər. Çin və Amerika arasında olan münasibətlərin yumşalacağını düşünmürəm. Çünki hazırda bütün siyasəti iqtisadiyyat idarə edir. İqtisadi maraqlar dünyanın düzənini dəyişir. Bu səbəbdən ABŞ özünə rəqib bildiyi Çinə qarşı bu və ya digər formada mübarizəsini davam etdirəcək. Bu, birbaşa ticari əlaqələrdə də hiss oluna bilər".

Eldəniz Əmirov həmçinin qeyd edib ki, Azərbaycan ilə bağlı olan gözləntilər yaxşı gözləntilərdir: "Artıq Azərbaycan məhz 2020-ci ildə qırılma nöqtəsində idi. Qırılma nöqtəsindən sonra artıq böyük sıçrayış siyasi, hərbi və qlobal mövqeyində ciddi möhkəmlənmə başladı. Düşünürəm ki, iqtisadi inkişaf üçün mövcud neft gəlirlərindən daha səmərəli şəkildə istifadə olunmasına böyük ehtiyac var”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə