İqtisadiyyatımıza təsir göstərən əsas amillər hansılardır? - ARAŞDIRMA

İqtisadiyyatımıza təsir göstərən əsas amillər hansılardır? - ARAŞDIRMA

İqtisadiyyatın ən təsirli və nəticə əsaslı mexanizmləri sırasında vergi və gömrük stimullarının tətbiqi daha çox əhəmiyyət kəsb edir.

Vergi ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və sair aid edilir.

Həm vergi güzəşti və azadolmaların səmərəliliyinin təmin edilməsi, həm də vergi inzibatçılığının təkmilləşdirilməsi, o cümlədən, vergi-gömrük rüsumlarının ödənilməsi ilə bağlı məmur-vətəndaş təmasının minimuma endirilməsi nəzərdən keçirilməlidir. Optimallaşmış vergi rejiminin qəbulunda məqsəd vergi yükü azaldılmaqla, həmçinin inzibati prosedurlarda güzəştlər və tətillər verilməklə, vergi sisteminin və inzibatçılığının çevikliyinin qorunması, sahibkarlıq subyektlərinin stabil fəaliyyətinin təmin edilməsidir.

Ümumiyyətlə, iqtisadiyyatın tarixinə baxanda bütün dünya ölkələrində qədimdən ticarət formalaşmağa başlayandan bəri hər bir ölkənin gücü, imkanı onun ticarət dövriyyəsi daha çox ixrac imkanları ilə qiymətləndirilib. Ölkədə çalışırdılar ki, həmişə ixrac hallarını üstələmiş olsun və idxalın özündə də önəm verilən məsələ idxalın məhz daxili qurma məsələsi ön plana çıxırdı. Bu məsələdə ən önəmli rolu gömrük oynayır.

İqtisadçı-ekspert Elman Sadıqov SİA-ya açıqlamasında gömrük rüsumlarının ölkə iqtisadiyyatına olan təsirlərindən danışıb.

Ümumiyyətlə, gömrüyün bir nömrəli vəzifəsi daxili bazarı qorumaqdır. Daxili bazarı qorumaq isə ölkə daxilində istehsal olunan məhsulların idxal gömrük rüsumlarının elə bir şəkildə müəyyən olunmasıdır ki, həmin istehsal olunan məhsullar xarici məhsulların rəqabətinə dözə bilsin. Daxili bazarı qorumağın ikinci yolu isə qaçaqmalçılığa qarşı mübarizədir. Hər 2 yolla gömrük siyasəti ölkədə sahibkarı, istehsalı və istehsal olunan məhsulları qoruyur. Daxili bazarda istehsal olunan və daxili bazarda istehlakı geniş yayılmış məhsulların xarici məhsullara rəqabətdə tab gətirməsi həmin məhsulların istehsalının artması və genişlənməsi baxımından çox vacibdir.

Gömrüyün digər önəmli bir rolu da investisiya təşviqidir və gömrük siyasəti investisiya təşviqində böyük rol oynayır. İqtisadiyyat nazirliyinin prioritet hesab etdiyi istiqamətlərdə istehsal və emalın təşkili, genişlənməsi və inkişafında gömrüyün də rolu danılmazdır. Əgər gömrük siyasəti iqtisadi siyasətin tamamlayıcı rolunu oynamağa müvəffəq olarsa, ölkəyə investisiya axınında müsbət istiqamətdə dəyişikliklərin olmasına şübhə yoxdur. Həm də ona görə ki, gömrük siyasəti iqtisadi inkişaf istiqaməti, prioritetlər, iqtisadi siyasət və niyyət baxımından investorlar, xarici ölkələr üçün konkret mesajdır. Ölkənin prioritet hesab etdiyi sahələrdə investiyanın təşviqi, istehsalın genişlənməsi üçün gömrük komitəsinin üzərinə ciddi vəzifələr düşür. Söhbət emal və istehsaldan gedirsə, konkret olaraq, həmin emal və istehsal sahəsində olan avadanlıqların gömrük rüsumlarından azad olunması vacib məsələdir.

Hər hansı bir ölkədə gömrük siyasətinə gəlincə. Hələlik, ümumdünya ticarət təşkilatına daxil olmamışıq. Həmin ticarət təşkilatına daxil olarkən bir sıra gömrük rüsumları ilə bağlı fərqli, yumşaq siyasət yürütməyə məcbur olacağıq. Təşkilata daxil olana qədər öz siyasətimizi müəyyənləşdirib daxildə emalı və istehsalı daha da stimullaşdırmaq və genişləndirməliyik. Bu səbəbdən, hazırda ayrı-ayrı rüsumların çox və ya az olması müzakirə və mübahisə mövzusu olarsa, bu lüzumsuz vaxt itkisi olar. Gömrük siyasətinə tamamilə yeni bir baxış formalaşmalı və yanaşma konseptual olmalıdır. Gömrük siyasətinə fiskal siyasətin tərkib hissəsi deyil, proteksionist siyasətin tərkib hisssəsi kimi baxılmalıdır. Yəni, gömrük siyasəti iqtisadi siyasəti tamamlayan, daxili bazarda mövcud istehsalı qoruyan və investisiyaları təşviq edən bir siyasət kimi daha səmərəli və nəticəyönümlü olmalıdır.

Elman Sadıqov fikirlərinə davam edərək vurğulayır ki, digər bir önəmli məsələ isə ölkədə istehsal olunmayan və yaxın gələcəkdə istehsalı gözlənilməyən, lakin istehlakı geniş olan məhsullardır. Məsələn, telefonlar, kompüterlər, avtomobillər və digər məişət avadanlıqları. Bunlara tətbiq edilən gömrük rüsumları isə iqtisadi itki kimi dəyərləndirilir. Bu mənim subyektiv fikrim deyil, iqtisadi nəzəriyyənin bütün dünya ölkələrində qəbul edilən və mübahisə predmeti olmayan prinsipi, qanunudur. Məsələn, bir vətəndaş telefona 1000 manat deyil, 800 manat ödəyirsə, qalan 200 manatı ölkə daxilində digər məhsul və xidmətlərə xərcələyərək rifahını daha da yaxşılaşdıracaq. Nəticədə, xərclədiyi həmin sahədə də dövriyyə artacaq. Xüsusilə, ölkədə xidmət və daxili turizm sektorunda dövriyyənin çoxalması həmin sahələrin genişlənməsi və inkişafı, büdcə daxilolmalarının da ilbəil artması deməkdir. Diqqətin xüsusilə bu məsələyə yönəlməsi həm istehlak, həm istehsal, həm də birbaşa və dolayı vergilərin artması yolu ilə büdcə daxilolmalarının artmasına səbəb olar.

Gömrük siyasəti ilə bağlı bütün məsələlərə bir dəfə də toxunmaq mümkün olmaz. Digər bir önəmli istiqaməti də qeyd edərək fikirlərimi yekunlaşdırmaq istərdim. Məsələn, avtomobil idxalı. Bu gün benzin və dizellə işləyən avtomobillərə eyni gömrük rüsumunun tətbiqi heç bir məntiqə sığmır. Bütün kənd təsərrüfatı və biznes əhəmiyyətli (yük maşınları) texnika və avtomobillərin dizellə işləməsini nəzərə alaraq ölkə daxilində dizel istehlakının məhz bu sahədə olmasını, dizelin qiymətinin qalxmaması üçün iqtisadi əhəmiyyəti az olan digər sahələrdə lüzumsuz istehlakın azalmasına çalışmalıyıq. Dizel istehlakı ekologiyaya zərərli olsa da, qeyd etdiyim sahələrdə zəruridir, qaçılmazdır. Lakin minik avtomobilləri üçün eyni fikri söyləmək olmaz. Buna görə də ekologiyanı qorumaq və dizel istehlakını optimallaşdırmaq üçün əvvəla dizellə işləyən minik avtomobilləri üçün rüsumlar daha çox olmalı, əvəzində benzinlə işləyən avtomobillər üçün aşağı salınmalıdır. Hibrid avtomobillər üçün bu rüsumlar daha da aşağı olmalı, elektromobillər üçün isə ƏDV də differensial, yəni daha aşağı faizli olmalıdır. Burada iqlim dəyişiklikləri, ekologiya, ölkənin maşın parkı kimi məsələlər də gömrük siyasətində nəzərə alınmalıdır.

Məhz qeyd etdiklərimi nəzərə alaraq, bir daha vurğulamaq istərdim ki, bundan sonra gömrük siyasətində əsas istiqamət ayrı-ayrı tariflərin müzakirəsi deyil, qeyd etdiyim və etmədiyim bir çox istiqamətlər nəzərə alınaraq konseptual, dərin və geniş bir gömrük siyasətinin yenidən formalaşdırılması əsas vəzifə olmalıdır.


Millət vəkili Qulamhüseyn Əlibəyli isə qeyd edir ki, quru sərhədləri bağlı olana qədər və hazırkı vaxtda işsizliyin statistikasına təsir göstərir. Məsələ burasındadır ki, ekspertlərin dediklərinə görə, quru sərhədlərindən daha çox həssas qrupa daxil olan vətəndaşlardır – təhsil alan tələbələr, əsasən, kiçik və bəzən də orta biznes təmsilçiləri, gəlirləri nisbətən aşağı olan və qonşu ölkələrə müalicə üçün gedən şəxslər və s. Əlbəttə, əmək miqrasiyası, yəni işləmək üçün Azərbaycana gələn və ya ölkəmizdən gedən şəxslər də yox deyildir. Bu baxımdan, quru sərhədlərinin bağlı olmasının ölkəmizdə işsizlik probleminin həllinə ciddi təsir göstərdiyini güman etmirəm. Quru sərhədlərinin bağlı olmasının ölkəmizdə qida təhlükəsizliyinə təsiri barədə də eyni fikirləri bildirmək olar. Keyfiyyətsin, təhlükəli qida məhsullarının, geni dəyişdirilmiş məhsulların ölkəmizə gətirilməsinin qarşısını almaq üçün quru sərhədlərinin açıq və ya bağlı olması əhəmiyyət kəsb etmir. Bunun üçün, ilk növbədə, qida məhsullarının idxalına nəzarət mexanizmi təkmilləşdirilməli, mövcud inhisarçılıq aradan qaldırılmalıdır.
Qonşu ölkələrdə baş verənlər, xüsusən də, Rusiyanın Ukraynaya hərbi təcavüzü təkcə ölkəmizdə deyil, bütün dünyada ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, ümumdünya ərzaq böhranına gətirib çıxara bilər. Söhbət Ukraynanın taxıl ehtiyyatının dünya bazarına çıxarılmasının çətinliyindən və həmin taxılın Rusiya tərəfindən mənimsənilməsindən gedir. Bu təhlükəni aradan qaldırmaq üçün isə quru sərhədlərinin bağlı saxlanması vacib deyil. Alternativ taxıl mənbələri axtarmaq lazımdır və bildiyim qədər bu barədə müəyyən işlər görülür. Həmin müharibə nəticəsində Azərbaycana qaçqın axını gəlməsindən ehtiyatlanmağı da yersiz hesab edirəm. Belə ki, Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının çox hissəsi artıq ölkəmizə qayıdıb. Qaçqın Ukrayna vətəndaşları isə daha çox Avropa ölkələrinə üz tuturlar. Terrorçular və qanunsuz silahlı dəstələr onsuz da Azərbaycanın sərhədlərini Rusiya hərbi kontingentinin nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə keçib ölkəmizə daxil olurlar.
Ona görə də müxtəlif bəhanələrlə quru sərhədlərinin bağlı saxlanılması yolverilməzdir. Azərbaycan hökuməti nəhayət, bu sadə həquqəti qəbul etməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur: “Bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. Biz bunu qəbul edirik. Ancaq pensiya və maaşlar da artırılır. Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq”. Əlbəttə, bütün bu baş verən proseslər iqtisadiyyatımıza müəyyən qədər gözlənildiyi kimi, 5 ay ərzində ÜDM-in həcmi 1.7%, idxal 26.7%, ixracın həcmi isə 25.3% azalıb.
Azalmalar, əsasən, beynəlxalq bazar konyunkturasından asılı olan və Azərbaycan dövlətinin atdığı addımlardan asılı olmayan sahələrdə (neftin qiymətinin, ixrac qiymətlərinin azalması, yük daşımalarda azalma və s.) baş verib və bu, gözlənilən idi.
Amma bunlarla yanaşı, ölkənin iqtisadi artım və məşğulluğunu təmin edəcək böyük potensiala malik sahələrdə artımın davam etməsi çox sevindirici haldır. Belə ki, bu ilin 5 ayında qeyri-neft sənayesinin 14%, kənd təsərrüfatı istehsalı həcminin 3.6% və büdcə gəlirlərinin 17% artması ölkəmizin çətin şəraitdə belə inkişaf potensialından xəbər verir. Xüsusi qeyd etmək istərdim ki, təhlillər göstərir ki, hansı sahələrdə aparılan iqtisadi islahatlar daha çox mənimsənilib, o sahələrdə artım davam edir.
O, həmçinin qeyd edib ki, ölkədə orta aylıq əmək haqqının artaraq 740 manata çatması əhalinin maddi rifah halı nöqteyi-nəzərindən də mühümdür: "İqtisadçılarda belə bir ümumi fikir var ki, azalmanın olmasından çox azalma tempi daha böyük önəm daşıyır. Bu kontekstdə qeyd etmək istərdim ki, Avropa Birliyində 2-cü rüb üzrə Ümumi Daxili Məhsulun 14% azalması gözlənilir.
İstənilən halda bu ilin 5 ayının nəticələrinə görə Azərbaycan iqtisadiyyatında əsas iqtisadi artım və məşğulluğu təmin edən mənbələrin, yəni qeyri-neft sənayesi, kənd təsərrüfatı məhsulllarının istehsalında mühüm irəliləyişlərin müşahidə olunması dövlətin gördüyü tədbirlərin effektivliyini göstərir.

İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə