Badam bağlarından “Azbadam”a, oradan ixraca TƏHLİL

Azərbaycanın zəngin təbiəti, müxtəlif iqlim qurşaqlarına malik olması ölkəmizdə bütün növ meyvə-tərəvəzin yetişdirilməsinə, yüksək məhsuldarlığa imkan verir. Ulu Yaradan sanki bu torpaqlara öz qələmi ilə xüsusi çalar qatmış, hər bölgəmizi meyvə-tərəvəzin bir növünə “vətən” etmişdir. Meyvə-tərəvəzlərdən söz düşəndə həmin an almanın, şaftalının, narın, əriyin, zeytunun, kartofun, pomidorun, eləcə də qoz, fındıq və badamın hansı bölgənin təbiətinə, havasına, suyuna vurğunluğu da söhbətin mövzusu olur. Lakin öz “vətənləri” ilə yanaşı, bütün meyvə və tərəvəz növlərinın əkini ilə ölkəmizin bütün rayonlarında məşğul olunur. Bu gün bazarlarımızdakı bolluq zəhmət adamlarının torpağa tər verib, əvəzində zər almasının nəticəsidir.

Haqqında danışacağımız badamın “vətəni” Azərbaycanın qədim bölgəsi Naxçıvandır. Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışlarının birində ölkə ərazisindəki badam bağlarının əksəriyyətinin Naxçıvan Muxtar Respublikasında olduğunu vurğulamış, badamçılığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Naxçıvanda badamla eyniadlı Badamlı kəndi var. Bu kənddə müxtəlif növə malik yüzlərlə badam ağacları yetişdirilib, hər il tonlarla məhsul istehsal edilir. Ölkəmizin digər bölgələrində də badamçılıqla məşğul olan zəhmət adamları var.

İqtisadiyyatın şaxələndirilməsi vacibdir

Müasir dövrdə bütün növ meyvə və tərəvəz əkinlərinin çoxaldılması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişafı xüsusilə qeyri-neft sektoru ilə bağlı qarşıya qoyulan prioritetlərin uğurla həllini tapmasına şərait yaradır. Qeyri-neft sektorunda payı olan kənd təsərrüfatı məhsullarının istehsalının artırılması isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması deməkdir.

Avqustun 3-də dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak etmələri qeyri-neft sektorunun ölkəmizdə diqqət mərkəzində saxlanıldığının göstəricisidir.

Ölkə başçısı açılış zamanı demişdir: Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır.

Barlı-bərəkətli badam bağları

Badam istehsal etmək, onun ixracını təmin etmək böyük zəhmət tələb edir. Bu, illərlə vaxt istəyir. Əgər badam bağları varsa, onlara xüsusi qaydalar əsasında xidmət göstərilirsə, növ müxtəlifliyi təmin olunursa, məhsuldarlıq yüksəlirsə, deməli, badam istehsalı və ixracı üçün əlverişli yol açılır. Elə badam emalı zavodunun açılışı zamanı dövlətimizin başçısına da badam bağları ilə əlaqədar məlumat verilmişdir ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.

İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.

Qeyd olunub ki, 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə artıq ürəkaçan dinamikanı görmək olacaq.

Vurğulanıb ki, badam idxalı 50 faizə qədər azaldılıb. 2024-cü ildə isə yalnız bu bağlar bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alınan badamlar da emal edib ixrac ediləcək.

Badam ağacları arasında həm xarici, həm də yerli sortlar var. Məqsəd yerli sortların içərisində məhsuldar və təbiətə uyğun çeşidləri seçib seleksiya yolu ilə onların artırılmasına nail olmaqdır.

Prezident İlham Əliyev demişdir: Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik.

Azərbaycan badam ixrac edəcək

Badam emalı zavodunun açılışı zamanı dövlətimizin başçısına məlumat verilib ki, badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.

Zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.

Prezident İlham Əliyev badam bağlarının artırılması ilə bağlı tapşırıq vermişdir: Öz bağlarınızın da sahəsini genişləndirin. Çünki badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik.

Badam – dünyanın ən faydalı qidası

Badam zəngin tərkibə malik, ləpələri doymamış yağ turşuları və bitki mənşəli zülalların təbii mənbəyidir. Tərkibindəki zülallar orqanizm üçün vacib, əvəzolunmayan amin turşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor, maqneziumun miqdarı daha çoxdur. Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi xəstəliklər zamanı istifadə edilir. Badam qaraciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdırmaq, yumşaldıcı təsirə malikdir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələri yeniləyir.

Badamı qiymətli edən onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45, şirin badamda isə 62 faiz yağ olur.

Badamın faydaları haqqında məlumatlı olanlar yəqin ki, çoxdur. Son zamanlar isə badam dünyanın en faydalı qidası adlandırılır. Alimlər hesab edirlər ki, bir çox faydaları ilə bərabər, badam tərkib etibarilə ən qidalandırıcı, möcüzə yarada bilən məhsuldur. Bir ovuc badamda cəmi 163 kalori var, onun tərkibində zeytun yağında olduğu kimi, doymamış yağlar toplanıb. Hətta cəmi 3-4 ədəd badamda bir desert qaşığı zeytun yağında olduğu qədər kalori var. Badamın tərkibində Omeqa yağları kimi çoxlu sayda doymamış yağ, protein, lif var. Badam bu baxımdan ürəyin sağlamlığı üçün ən vacib olan, xolesterinlə mübarizə aparan qida, çoxsaylı faydalı maddələrin mənbəyidir.

Badamın tərkibində çox miqdarda antioksidantlar, potasium toplanıb. Onu qovrulmamış, çiy şəkildə yemək daha faydalıdır. Bu, stresi də azaldır. Mütəxəssislər deyirlər ki, bir ovuc badam yemək gündəlik maqnezium ehtiyacınızın 20 faizini ödəmək deməkdir. Maqnezium çatışmazlığı olanlar badam yeməklə bunu aradan qaldıra bilərlər.

Badam həmçinin dərini qorumaq, qan təzyiqini normada saxlamaq, qanda şəkərin miqdarını tənzimləmək, sümükləri gücləndirmək, damarda sərtliyin, xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaq kimi xüsusiyyətlərə də malikdir. Yüksək kalorili olsa da, uzun zaman tox saxlaya bilmək baxımından badam artıq çəkidən xilas olmağa da yardım edir.

İlk badam istehsalı zavodu bu sahədə uğurun başlanğıcı olacaq

1990-cı illərin əvvəllərində iflasa uğramış iqtisadiyyatımız müstəqilliyimizin bərpası illərindən sonra ötən dövr ərzində ilbəil gücləndirilmiş, inkişaf mərhələsinə qədəm qoymuşdur. Bunu ötən illərin iqtisadi yüksəlişlə bağlı statistikasında da görmək mümkündür. 90-cı illərdə Azərbaycanın SSRİ-nin tərkibindən çıxması ilə ölkədə süni şəkildə yaradılan sosial-iqtisadi tənəzzül insanların maddi rifah halının aşağı səviyyəyə enməsi ilə yanaşı, onların iş yerlərini itirmələri ilə də nəticələnmişdi. Bütün bunlar isə ümumi əhali rifahına böyük zərbə endirmişdi. Əmək haqlarının az olması, iş yerlərinin bağlanması, ərzaq qıtlığı həmin illərin bu gün xatırlanan ən acınacaqlı anlarıdır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının ötən illər ərzində ölkəmizdə uğurla həyata keçirilməsinin nəticələrini bu gün həyatımızın bütün sahələrində hiss edirik. Ölkədə torpaq islahatının aparılması, torpaqların öz sahiblərinə qaytarılması yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasında mühüm amil oldu. Kənd zəhmətkeşlərinə istehsal etdiyi məhsulu satmaları üçün şəraitin yaradılması, imtiyazların və uzunmüddətli kreditlərin verilməsi kəndli təsərrüfatlarının yaranmasına və sahibkarlığın inkişafına yeni üfüqlər açdı.

Ölkənin gələcəyə hesablanmış prioritetlər əsasında idarə olunması iqtisadi gücümüzü artırdı. Bunun nəticəsidir ki, açılışı olan ilk badam istehsalı zavodu kimi hazırda ölkəmizdə yüzlərlə istehsal müəssisəsi fəaliyyət göstərir. Azərbaycan artıq yüzlərlə adda məhsul ixracatçısıdır. Yaxın gələcəkdə o məhsulların sırasına badam da əlavə olunacaq. Ölkəmizdə badam bağları sahələrinin daha da genişləndirilməsinə və bu zavodun ardınca neçə-neçə badam istehsalı zavodunun açılacağına böyük ümidlər bəsləyirik. Çünki badam bağlarımız nə qədər çox olarsa, badam istehsalı zavodlarımız da bir o qədər çox olar. Bağlardan zavodlara daşınan məhsul isə badam ixracı üzrə ölkəmizi dünyada birinci edər.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə