Qlobal böhrandan qoruyan BALANSLAŞDIRILMIŞ İQTİSADİ YANAŞMA - TƏHLİL
Beynəlxalq aləmdə baş verən siyasi hadisələr, daha dəqiq desək, gərginlik qlobal iqtisadiyyata da öz təsirlərini göstərir və biz bunu mütəmadi olaraq müşahidə edirik. Ələlxüsus, siyasi gərginliyin bütövlükdə dünya bazarlarında balansın pozulmasına gətirib çıxardığını da görməkdəyik və bunun təsirləri də sözsüz ki, danılmazdır.
Heç kim üçün sirr deyil ki, qlobal iqtisadiyyatda tənəzzül riskləri hələ də artmaqdadır. Proqnozlar da cari il, 2022-ci il və gələn il, 2023-cü il üçün yaxşı heç nə vəd etmir. Məsələn, 2022-ci ilin çətin il olduğunu artıq etiraf edən Beynəlxalq Valyuta Fondu (BVF), gələn ilin, 2023-cü ilin qlobal iqtisadiyyat üçün daha çətin il olacağını indidən proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun (BVF) cari ilin aprel ayında yenilədiyi iqtisadi artım proqnozunun 4,4 faizdən 3,6 faizə endirilməsi sadalananları təsdiq edir və beynəlxalq maliyyə institutlarının, reytinq agentliklərinin və investisiya banklarının proqnozlarının əksəriyyətinin pisləşməsi də səbəbsiz deyil.
İqtisadi tənəzzülün yalnız qlobal tendensiyalarla bağlı olmadığı da bir reallıqdır və aparılan yanlış iqtisadi siyasətin vəziyyəti daha da gərginləşdirə biləcəyi də danılmazdır. Bir sözlə, yanlış iqtisadi siyasət öz mənfi təsirlərini göstərməkdə davam edə bilər və ələlxüsus qlobal böhranın olduğu şəraitdə bu təsirlərin daha da artacağına zərrə qədər şübhə yoxdur. Sözsüz ki, bunun əksini baıanslaşdırılmış iqtisadi siyasət yürüdüldüyü təqdirdə söyləmək olar. Belə ki, hər bir ölkədə aparılan balanslaşdırılmış iqtisadi siyasət məhz xarici amillərin təsirini minimuma endirir və iqtisadi artım proqnozunun aşağı düşməsinin qarşısını alır. Azərbaycan məhz belə bir ölkə hesab olunur və balanslaşdırılmış iqtisadi siyasət sayəsində ölkəmizdə geriləmənin qarşısı alınır, böhran müşahidə edilmir, əksinə daha yaxşı nəticələrə ümid edilir.
Şübhəsiz ki, qlobal böhran dedikdə hər kəs dərhal COVİD-19 pandemiyası və onun mənfi təsirlərini düşünür və haqlıdır da, çünki pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərəri təkzib etmək olmaz. Bir çox dünya ölkələri, hətta inkişaf etmiş ölkələr belə iqtisadi baxımdan pandemiyanın mənfi təsirlərinə məruz qalıb və bu, bir reallıqdır. Sevindirici məqam odur ki, Azərbaycan COVİD-19 pandemiyasından üzü ağ çıxdı və onun mənfi təsirləri ölkəmizdə minimuma endirildi, çünki balanslaşdırılmış iqtisadi yanaşma tətbiq olundu. Pandemiyadan əlavə, Azərbaycan yeni bir sınaqdan, İkinci Qarabağ müharibəsindən də üzü ağ çıxdı və hazırda işğaldan azad etdiyimiz torpaqlarımızda quruculuq abadlıq işlərinin aparılması, özü də bu işlərin ölkəmizin daxili resursları hesabına görülməsi deyilənləri təsdiq edir. Təsdiq edir ki, Azərbaycan iqtisadi cəhətdən də güclü ölkədir və qlobal böhran riskinin fonunda iqtisdi inkişaf uğurla davam etdirilir.
Dünyada baş verənlərin, ələlxüsus qlobal iqtisadi böhranın fonunda, tənəzzül müşahidə edildiyi halda, Azərbaycanda makroiqtisadi göstəricilərin yüksəlməsi çox sevindirici, eləcə də qürurverici haldır. Bu reallıq, yəni makroiqtisadi göstəricilərin yüksəlməsi isə onu deməyə əsas verir ki, yarana biləcək istənilən iqtisadi böhrana qarşı ölkəmizdə uyğunlaşma var və hətta iqtisadi immun sistemi belə mövcuddur. Sözsüz ki, bu məqam stabillik və balanslaşdırılmı iqtisadi sistemin məntiqi nəticəsi olaraq təzahür edir.
Təbii ki, bu arada inflyasiyanın olduğunu da təkzib etmək mümkün deyil, amma qeyd etmək və nəzərə almaq lazımdır ki, ölkəmizdə inflyasiya yalnız xarici amillərin təsiri ilə, daha dəqiq desək, idxalla bağlı olaraq ortaya çıxıb. Sözsüz ki, xarici amillərin təsiri dedikdə, ölkəmizə idxal olunan malların dəyərinin, qiymətinin qalxması nəzərdə tutulur. Unutmaq lazım deyil ki, dünyada iqtisadi durğunluq şəraitində qiymətlərin, ölkəmizə idxal olunan malların qiymətlərinin də bahalaşması gözlənilən idi, hansı ki, nəticə etibarı ilə inflyasiyaya səbəb olurdu və buna idxal inflyasiyası da deyilir. Bu gün ölkəmizdə müşahidə olunan inflyasiya məhz idxal inflyasiyasıdır və yalnız xarici amillərin təsirindən, qlobal böhrandan qaynaqlanır.
Qlobal iqtisadi böhran, tənəzzül fonunda Azərbaycanın öz iqtisadi inkişafını təmin etməsi, çox böyük layihələri reallaşdırması, iqtisadi baxımdan bütün vəzifələrin öhdəsindən layiqincə gəlməsi təqdirəlayiqdir. Ölkəmizin iqtisadi vəziyyətinin qənaətbəxş olması, inkişafı, sözsüz ki, uğurlu islahatlar, şəffaflıq və hesabatlılıq ilə birbaşa əlaqədardır və eləcə də balanslaşdırılmış iqtisadi sistemin olduğundan xəbər verir. Təsadüfi deyil ki, Azərbaycan, COVİD-19, eləcə də İkinci Qarabağ savaşı olmaqla bir-birinin ardınca sınaqlardan layiqincə çıxdı və indi də işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini öz vəsaitləri hesabına uğurla davam etdirir. Bütün dünya ictimaiyyəti görür ki, ölkəmiz bu işlərin öhdəsindən layiqincə gəlir və bu da o deməkdir ki, Azərbaycanın iqtisadi potensialı var. Əgər iqtisadi potensial olmasaydı bütün bunları reallaşdırmaq mümkün olmazdı. Bu gün bizim işöaldan azad edilən ərazilərimizdə infrastruktur layihələri uğurla icra edilirsə, deməli, Azərbaycan bu işin öhdəsindən gəlmək əzmindədir və buna qadirdir. Təbii ki, burada iqtisadi imkanlar əsas şərt hesab olunur.
Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə öz ptensialı ilə apardığı quruculuq, hətta yenidənqurma işləri xarici investisiyaların cəlb edilməsinə əsaslı zəmin yaradır. Təbii ki, infrastrukturun qurulması, yenilənməsi, bir sıra layihələrin reallaşdırılması da öz növbəsində xarici investisiyaların cəlb edilməsi üçün şərtdir. Onu da unutmaq lazım deyil ki, xarici investisiyaların cəlbi isə, ölkəmiz üçün böyük iqtisadi dividentlər deməkdir. Artıq investisiyalar üçün əlverişli, münbit şərait var və ən tez zamanda xarici investisiyaların cəlb ediləcəyi gözləniləndir.
Doğrudur, xarici investisiyaların cəlb edilməsi iqtisadi dividentlər deməkdir, amma Azərbaycanın özünün də real imkanları, potensialı kifayət qədərdir. Bu gün Azərbaycan 55 mlrd. dollarlıq qızıl-valyuta ehtiyatlarına sahibdir, ÜDM artımı kifayət qədərdir. Ölkə iqtisadiyyatı davamlı inkişaf edir, daha dəqiq desək, Azərbaycan iqtisadiyyatının minimum artım tempi ildə 4,5-5% təşkil edir. Təkcə neft sektoru deyil, qeyri-neft sektorunda da artım var və məlumat üçün qeyd edək ki, 2022-ci ilin əvvəlindən bu sektordan daxilolmalar ümumi gəlirlərin 60%-i həddindədir. Bir sözlə, Azərbaycan istənilən böhrana hazırlıqlı ölkədir və istənilən halın öhdəsindən gəlmək bizim üçün digər ölkələrlə müqaisədə daha asan olmalıdır, çünki bunun üçün maliyyə resurslarımız belə kifayət qədərdir. Eyni zamanda, ölkəmizdə biznesin liberallaşdırılması məşğulluğun artmasına əsaslı zəmin yaradır və ölkədə iqtisadi fəallığın qənaətbəxş səviyyədə saxlanması üçün vacib şərt hesab olunur. Bütün bunlar isə, ölkəmizdə təbii ki, qlobal böhrandan qoruyan balanslaşdırılmış iqtisadi yanaşmanın olduğundan xəbər verir və əminlik yaradır ki, Azərbaycan istənilən böhrana hazırlıqlı ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB