Baxmayaraq ki, su, günəş, külək həyat üçün çox lazımlı amillərdir, lakin biz insanlar yağışlı ərazilərdə yaşayanda yağışın çox yağmasından, günəşli yerdə yaşayanda günəşin bolluğundan, küləkli yerdə yaşayanda küləyin çoxluğundan gileylənirik. Lakin fikirləşmirik ki, onların hər biri təbii resurslardır və həmin resurslara doğru gediləndə onlar yaxşı yaşayışa səbəb olur, ölkəyə milyonlarla manat vəsait gətirir. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının dediyi kimi: Bərpaolunan enerji növləri ilə bağlı mən giriş sözümdə qeyd etdim ki, bizim doğrudan da çox böyük potensialımız var. Artıq kontraktlar imzalandı, icra edilir və yeni kontraktların imzalanması gözlənilir, memorandumlar imzalanıb. Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var. Bunu artıq beynəlxalq mütəxəssislər də qeyd edirlər. Xəzər dənizinin küləyi bəzi hallarda bizim üçün bəlkə də problem yaradır. Amma, əksinə, bu, Bakının havasını təmizləyir. Xəzri əsəndə biz hamımız sevinməliyik ki, şəhərə təmiz hava gəlir. Amma bu küləyin də çox böyük faydası ola bilər. Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib. Onlar indi həm Energetika Nazirliyi, həm İqtisadiyyat Nazirliyi tərəfindən öyrənilir, təhlil aparılır. Əlbəttə, biz bilirik potensial nədir, biz bilirik ki, bu, xarici investorlar üçün cəlbedicidir. Onu da deməliyəm ki, artıq bu sahədə böyük şirkətlər arasında rəqabət var və çox ciddi rəqabət var. Mən indi o şirkətlərin adlarını çəkmək istəmirəm. Amma bu sahəyə investisiya qoymaq istəyənlərin sayı kifayət qədər çoxdur. Ona görə biz düzgün seçim edəcəyik. Yəni, demək istəyirəm ki, mən burada investisiyalarla bağlı qıtlıq görmürəm.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir
Ölkəmizin enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Ölkəmizdə bu potensialdan səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır. Həmçinin ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Bu sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli Qanunu təsdiq edilmişdir. Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin icrası davam etdirilməkdədir.
Faktlara nəzər salanda görmək olur ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Bəli, resurslarımız göz qabağındadır. Sadəcə olaraq bu resursların potensialından istifadə etməklə onları insanların sağlam həyatına və rifahına çevirmək olar ki, bu sahədə artıq ölkəmizdə xeyli işlər həyata keçirilib. Dövlətimizin başçısının müşavirədə dediyi kimi: Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istərdim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.
Azad edilmiş torpaqlarımız “Yaşıl Enerji Zonası”na çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” 3 may 2021-ci il tarixində Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. “Yaşıl Enerji Zonası”nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır.
Dövlətimizin başçısı müşavirədə demişdir: Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır. Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlikli xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var.
Müasir dünyada həyatımızı bir an belə elektrik enerjisi olmadan təsəvvür etmək olmaz. İndi elektrik enerjisi həm insanların asudə vaxtının mənalı təşkili, həm də payız-qış fəsillərində evlərimizin istiliyi, yayda isə sərinliyi deməkdir. İstehsal müəssisələrini, nəqliyyatı və digər sahələri də nəzərə alsaq, elektrik enerjisi həyat deməkdir. O, bir dəqiqə yoxdursa, sanki həyat dayanır.
İşğaldan azad edilmiş torpaqlarımızda isə elektrik enerjisinə daha çox ehtiyacı var. Çünki həmin ərazilərdə böyük quruculuq-bərpa işləri həyata keçirilir ki, sakinlər rahat şəkildə evlərinə qayıtsınlar. Bu işlərin görülməsi isə sırf elektrik enerjisi ilə bağlıdır. Nəzərə alsaq ki, ermənilər torpaqlarımızı tərk edərkən bütün elektrik stansiyalarını dağıdıblar, deməli, Qarabağın işıqlandırılması bu gün təxirəsalınmaz məsələdir ki, dövlətimi bu məsələni əsas prioritet kimi görür.
Azad torpaqlarımızın coğrafiyası, təbii resursları bərpaolunan enerji mənbələridir. Həmin mənbələrdən istifadə etməklə buranın “Yaşıl Enerji Zonası”na çevrilməsi gələcəkdə ölkəmizdə həm ənənəvi elektrik enerjisinə qənaət deməkdir, həm də dövlətimizin daim diqqətində olan insan sağlamlığına töhfədir.
Yenə də faktlara nəzər salaraq demək olar ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan Muxtar Respublikasında müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. İlkin müşahidələr nəticəsində əlverişli günəş radiasiyasına malik müvafiq ərazilər müəyyən edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə - xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması, ilkin araşdırmalara əsasən müəyyən edilmişdir. Təhlillər bu ərazilərdə külək enerjisi potensialının 2000 MVt ətrafında olmasını göstərir. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar aparılmışdır. Geotermal enerjidən əsasən elektrik enerjisi istehsalı (əlverişli temperatur və debit olarsa), istilik enerjisi təminatı və turizm-balneoloji məqsədlər üçün istifadə edilir. İlkin təhlillər göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində geotermal mənbələr var (4000-5000 m3/gün (30-74°C)). İlkin müşahidələrə əsasən, bu potensialdan müvafiq olaraq istilik təminatı və balneoloji məqsəd üçün istifadə daha məqsədəuyğundur.
Biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün…
Dövlətimizin başçısı sözügedən müşavirədə çıxışının elektrik enerjisi ilə bağlı hissəsində maraqlı bir məqama da toxunmuşdur: Əsas ixrac yolları. Ona görə mən qeyd etdim - Zəngəzur dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı - bütün bu infrastruktura yenidən baxmaq lazımdır. Əgər biz orta hesabla, belə demək mümkünsə, ildə 1000 meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bizdə elə potensial olmalıdır ki, 5000 meqavat gücündə elektrik enerjisini ixrac edə bilək. Ona görə mən “Azərenerji”yə tapşırıq verdim, indi hökumətə də, aidiyyəti qurumlara da tapşırıq verirəm, biz bu işi əsaslı etməliyik. Yəni, əlavə 1000 meqavat, yaxud da 1500 meqavatla kifayətlənmək lazım deyil. Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə edək ki, sabah bizdə artıq enerji hasil ediləndə ixracla problem olmasın. Potensial alıcılarla da danışıqlar başlanmalıdır. Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün, bu il özümüz bazarları, mümkün olan bazarları təsbit etməliyik. Oraya heyətlər göndərilməlidir, danışıqlar aparılmalıdır, şərtlər razılaşdırılmalıdır. Çünki gələcək bununla bağlıdır. Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var.
Bəli, ölkəmiz bərpaolunan enerji mənbələri ilə zəngindir. Bu resurslardan istifadə ölkəmizə milyonlarla manat vəsait gətirə bilər. Belə olan halda dövlətimizin başçısının da vurğuladığı kimi gözləməməliyik ki, kimsə qapını döysün. Biz enerjimizi istehsal etməli, təkliflərimizi verməli, ixracımızı həyata keçirməliyik.
Müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulub
Naxçıvan Muxtar Respublikası bu gün ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadədə nümunə gücündədir. 90-cı illərdə Naxçıvan ermənilər tərəfindən blokadaya salınandan sonra muxtar respublikaya Ermənistan ərazisindən keçməklə gələn elektrik enerjisi dayandırıldı. Naxçıvan illərlə qaranlıqda, soyuqda qaldı. İstehsal müəssisələrinin fəaliyyəti dayandı. İnsanlar olmazın çətinlikləri ilə üşləşməli oldular. Lakin ölkəmizin iqtisadi vəziyyəti muxtar respublikada təbii resurslardan istifadəni də mümkünsüz etmişdi.
Sonrakı illərdə ölkəmizin iqtisadiyyatı inkişaf etdikcə muxtar respublikada ən vacib məsələ olan elektrik enerjisinin istehsalı üçün resurslardan istifadə olunmağa başlanıldı. Müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulmuşdur ki, bunun 5-i su, 4-ü isə günəş elektrik stansiyasıdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin məlumatına görə, ötən il elektrik stansiyalarında 444 804 006 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu enerjinin 129 570 936 kilovat-saatı və ya 29,13 faizi su elektrik stansiyalarında, 264 438 160 kilovat saatı və ya 59,45 faizi istilik elektrik stansiyalarında, 50 794 910 kilovat-saatı və ya 11,42 faizi Günəş elektrik stansiyalarında istehsal edilib. 2021-ci il ərzində alternativ və bərpa olunan enerji mənbələrində 180 365 846 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 40,55 faizini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına son səfəri zamanı muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı görülən işləri yüksək qiymətləndirərək deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”. İşğaldan azad olunan torpaqlarımızda da yaxın gələcəkdə onlarla belə elektrik stansiyası Qarabağı başdan-başa nura boyayacaq, bütün evlərdən işıq gələcək, həm də insanların sağlamlığı üçün heç bir təhlükə olmayan işıq…
Sulu, günəşli, küləkli yaşıl həyat…
Yuxarıda da vurğuladığımız kimi, məişət gəlirlərinin artması, nəqliyyat və istiliyin elektrikləşdirilməsi və rəqəmsal şəkildə qoşulmuş qurğulara və kondisioner sisteminə artan tələbat elektrik enerjisinə tələbatı da gündən-günə artırır. Mütəxəssislərin dediyinə görə, elektrik enerjisinə olan tələbatın artması enerji sektorundan qlobal CO2 tullantılarının 2018-ci ildə rekord səviyyəyə çatmasının əsas səbəblərindən biri idi, buna baxmayaraq müxtəlif aşağı emissiya üzrə istehsal texnologiyalarının kommersiya mövcudluğu elektrik enerjisini də iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə səylərinin önündə qoydu. Bundan əlavə, dekarbonizə edilmiş elektrik enerjisi hidrogen və ya sintetik maye yanacaq kimi elektrik əsaslı yanacaqlar vasitəsilə digər sektorlarda CO2 tullantılarının azaldılması üçün də bir platforma ola bilər. Bərpaolunan enerji də hər kəsin elektrik enerjisinə əlçatanlığının təmin olunmasında, həm də karbon qazı emissiyasının azaldılmasında böyük rol oynayır.
Buradan məlum olur ki, bərpaolunan enerji mənbələri insanlara rahat, həm də sağlam həyat bəxş edir. Bu gün bütün dünya enerji təhlükəsizliyi fonunda təbiətin qorunmasında maraqlıdır. Ən nəhəng enerji şirkətləri belə bərpa olunan enerji mənbələrinə üstünlük verirlər. Çünki bu elektrik növlərinin tətbiqi insanların yaşıl həyata töhfəsidir.
Yaşıl həyat… Bu gün dünyada qlobal təbiət problemləri fonunda insan sağlamlığı üçün gərəkli azlardan biridir. Yaşıl həyat ona zərər veriləcək bütün problemlərin qarşısını almaqla bərqərar ola bilər ki, onun da başlıcası bərpa olunan enerji mənbələridir. Belə isə sağlamlığımız naminə enerji təhlükəsizliyinə doğru addımlayaq…
Küləklə başlayan yazımızı küləklə də bitirək. Bu gün dünya investorlarının böyük marağına səbəb olan küləklə. Bəzən çox güclü əsəndə “nə istəyir” dediyimiz küləklə. O külək ki, sən demə nə qədər güclü əsərsə, ölkəmizə bir o qədər də milyonlar gətirə bilər. Dövlətimizin başçısının da müşavirədə söylədiyi kimi, külək həm havanı təmizləyir, həm də faydalıdır.
Bu fayda isə gələcək külək elektrik stansiyaları ilə bağlı olacaqdır. Həyatın üç əsas amili-su, günəş, külək elektrik enerjisinə olan tələbatımızı ödəməklə yanaşı, həm də əsas amillərin dördüncüsünə-havaya, həm də təmiz havaya ehtiyacımızı ödəyir, yaşıl həyatımıza təminat verir. Yaşıl həyat isə sağlam həyat deməkdir. Belə isə ölkəmiz həmişə bol sulu, günəşli, küləkli olsun…
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB