Turizm üçün daha çox hansı bölgələr əlverişlidir? - ARAŞDIRMA

Turizm üçün daha çox hansı bölgələr əlverişlidir? - ARAŞDIRMA

İqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması siyasətinin həyata keçirildiyi Azərbaycanda turizmin inkişafı böyük perspektivlər vəd edir. Ölkəmizdə turizmin bir çox sahələrinin inkişafı üçün geniş resurslar mövcuddur.Ərazisinin nisbətən kiçikliyinə baxmayaraq, turizmin inkişafı üçün yetərli qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olması Azərbaycanı potensial turizm ölkəsinə çevirə biləcək amillər hesab olunur. Əlbəttə ki, bunlarla yanaşı, bu sahədə dövlət dəstəyi əsas məsələlərdən biri hesab olunur. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sahəsində bir sıra islahatlar aparılıb. Azərbaycanın turizm potensialının gündən-günə daha da güclənəcəyi artıq bir reallıqdır. Qədim Şuşada, eləcə də işğaldan azad edilən bütün ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Şəhərin tarixi siması saxlanılmaqla ən müasir formada bərpa edilir, dünya standartlarına uyğun turizm infrastrukturu yaradılır.

Turizm eksperti Ramin Zamanov SİA-ya açıqlamasında
daha çox turist axını olan bölgələrin Şəki, Qəbələ, Quba-Qusar olduğunu qeyd edib. Qiymətlər yerləşmə və konfortdan asılı olaraq 60-200 AZN arası dəyişir. Həmçinin həftə sonları qiymətlərdə yüksəliş müşahidə olunur. Bu da tələbatın həftəsonlarında daha çox olmasını göstərir. Rəqabət çox olan bölgələrdə də qiymətlərin stabil qaldığını görürük. Eyni zamanda rəqabətə tab gətirmək üçün keyfiyyətə üstünlük verilir. Bunlardan daha az cənub istiqamətində müşahidə olunur.

Skal İnternational BAKU ( Turizm Peşəkarları) klubunun prezidenti Ceyhun Aşurov da həmçinin bu il daha çox bölgələrdə doluluq müşahidə olunduğunu deyir.

Quru sərhədlərimiz açıq olmasa da, hava sərhədlərimiz açıqdır və xaricdən gələn qonaqlar da regionlara səfər edirlər. Eyni zamanda öz vətəndaşlarımız da şimal regionlara üz tutur. O regionlar daha çox turist cəlb edir ki, həmin regionlarda turizm infrastrukturunda geniş imkanlar olsun. Buna yol, onların qalmağı üçün rahat şəraitli otellər, əyləncə mərkəzləri və s. daxildir. Yol faktoru da müəyyən qədər rol oynayır. Paytaxtdan çox da uzaq olmayan, maşınla az məsafə qət edəcək yerlər daha çox turistlər üçün əlverişli hesab olunur. Daha çox 3 saatlıq yol olan bölgələrə üz tuturlar, qiymətlərə gəlincə isə əvvəlki illərə nisbətən bu il çox turist axını var, amma qiymətlər yaxın ərazilərdə daha mülayimdir. Həmçinin xaricə gedən turistlərin sayında da artım görünür. 2019 cu ildə 5,5 milyon Azərbaycan vətəndaşı xaricə səfərlər edirdisə, bu illər həmin qədər olmasa da, xaricə gedənlərin sayı da az deyil. Buna səbəb kimi biletlərin baha olması, oradakı otellərin qiymət artımı ilə əlaqədar olaraq xaricə getmək istəyənlərin çoxusu öz istirahətlərini daxili bölgələrə yönəldirlər.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə