Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilir

Bu gün qürur hissi ilə Azərbaycanın regionda lider, dünyada söz sahibi olan bir dövlətə çevrildiyini söyləyə bilirik. 44 gün ərzində qazanılmış Zəfər Azərbaycanı qalib dövlət kimi dünyada tanıtmaqdan əlavə, Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi sayəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri, işğal zamanı dağıdılmış və yararsız hala salınmış tarixi abidələrin bərpası istiqamətində görülən işlər Qarabağın yenilməz məğrur xalq olan əsil sahiblərinin doğma yurduna qayıtdığını bir daha göz önünə gətirir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. O qeyd edib ki, 2020-ci il 27 sentyabr tarixində başlanan və öz liderinin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının həm hərbi, həm də siyasi cəbhədə qələbəsi ilə başa çatan Vətən müharibəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın - faktiki olaraq Ermənistanın kapitulyasiyasının imzalanması ilə başa çatdıqdan sonra dünya dövlətləri artıq regionda yaranmış yeni reallığı qəbul edirlər.

Ramiz Hüseynov yeni reallığın fonunda həm yaxın qonşularla, həm də dünyanın bir çox ölkələri ilə qarşılıqlı maraqlar əsasında qurulmuş ikitərəfli əməkdaşlığın yaradılmasının Azərbaycan üçün prioritet təşkil etdiyini bildirib. Təbii ki, bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə əlaqələri ikitərəfli əməkdaşlıq və Şərq Tərəfdaşlığı çərçivəsində uğurla inkişaf edir. Avropa İttifaqı ilə siyasi münasibətlər sahəsində qazanılmış nailiyyətlərin ticari sahəyə də ötürülməsi əsas ticarət tərəfdaşımız olan ittifaq ilə ticari əməkdaşlığımızı daha da genişləndirəcək. Sözsüz ki, Avropa İttifaqı ilə ticari əməkdaşlıqdan danışan zaman göz önünə gələn və bu gün də gündəliyimizdə üstün yer tutan əsas sahə enerji sahəsidir.

Təşkilat sədri qeyd edib ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” ikitərəfli əməkdaşlığa verilmiş mühüm töhfə oldu. O, memorandumun Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış ilk sənəd olmadığını qeyd edib. Bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu ilə başlayan və 2011-ci ildə imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə ilə davam edən on beş ildən artıq tarixi var: “Bu müddət ərzində Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycanın neft hasilatı ilə başlatdığı və sonradan qaz hasilatına da keçdiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Dünyada baş verən geosiyasi proseslərin, davam edən qarşıdurmaların fonunda, xüsusilə Avropanın enerji təhlükəsizliyi qlobal gündəlikdə duran ən vacib məqamlardan birinə çevrilir.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti sayəsində Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya edib və artıq iki ilə yaxın müddət ərzində tam gücü ilə işləyərək Azərbaycan təbii qazını Avropa qitəsinə çatdırır.

Ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın mövcud olması böyük nailiyyətdir və həm Azərbaycan, həm də Avropa üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilir”.

Ramiz Hüseynov qlobal gündəlikdə ən üstün məsələlərdən olan enerji təhlükəsizliyindən başqa, Azərbaycanın Avropa İttifaqı ilə təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb: “Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş demək olar ki, potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və Azərbaycan üçün əsas ticari tərəfdaş olan Avropa İttifaqı ilə bağlanılan saziş xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə