Enerji təhlükəsizliyinin təminatında AZƏRBAYCANIN MÜHÜM ROLU – TƏHLİL
Enerji təhlükəsizliyi barədə son dövrlər kifayət qədər eşidirik və bəlli olur ki, bu məsələ prioritet olaraq qəbul edilməkdədir. Xüsusilə, Avropanın enerji ilə təmin olunması, yəni enerji təhlükəsizliyi diqqət mərkəzindədir və bunun üçün davamlı səylərin də göstərildiyi göz önündədir. Hazırda Rusiya qazının Avropa bazarına tədarükündə yaranan fasilələrin fonunda avropalıların narahatçılıqları da başadüşüləndir və hadisələrin gedişi onu deməyə əsas verir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rola malik olduğu da qlobal miqyasda qəbul edilməkdədir.
Qlobal beynəlxalq siyasi nizamın hazırki mərhələsində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycanın artan rolunu, perspektivlərini etiraf etməmək mümkün deyil. Ölkəmiz Avropaya neft, eləcə də qaz ixrac edir və bunu davam etdirmək üçün kifayət qədər imkanlarımız, resurslarımız var. Nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində işlər uğurla davam etdirilir və həm TANAP, həm də TAP qaz kəmərləri artıq istismardadır.
Azərbaycan qazının nəqli artıq çoxdandır ki, reallaşdırılıb. Xatırladaq ki, artıq çoxdandır Türkiyə və Gürcüstanla yanaşı, Yunanıstan, Bolqarıstan və nəhayət İtaliya da Azərbaycan qazını istehlak edən ölkələrdəndir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, yaxın gələcəkdə TAP kəmərinin şimal qoluna çevriləcək boru kəməri ilə də qaz nəql ediləcək və bundan sonra Azərbaycan qazının istehlakçıları sırasına Bosniya və Hersoqovinadan, Xorvatiyadan, Albaniyadan, hətta Monteneqrodan olan istehlakçılar da qatılacaq. Bunun üçün işlər uğurla davam etdirilir, müvafiq infrastruktur da yaradılır.
Qeyd olunduğu kimi, qlobal beynəlxalq siyasi nizam artıq dəyişib və Rusiya-Ukrayna müharibəsinin fonunda Rusiyaya qarşı sanksiyalara adekvat cavab olaraq bu ölkənin qazının Avropaya tədarükündə fasilələr yaranıb. Nəticədə Avropada enerji təhlükəsizliyi baxımından həyəcan təbili çalınır və belə olan halda avropalılar alternativ mənbələr haqqında düşünməli olublar. Məsələ burasındadır ki, artıq Azərbaycan qazının tədarükü daha məqbul hesab olunub və bu da ölkəmizə olan güvənin, etibarın, eləcə də potensialımızın olduğundan xəbər verir. Hər halda Avropa öz enerji təhlükəsizliyinin təminatı üçün əbəs yerə Azərbaycanı seçməyib və Avropa İttifaqı rəsmilərinin Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını dəfələrlə bildirmələri də təsadüfi deyil.
Bu günlərdə, daha dəqiq desək, 18 iyul tarixində Avropa Komissyasının Prezidenti xanım Ursula fon der Lyayenin Azərbaycana gəlişi sıradan bir səfər deyildi. Qeyd edək ki, Avropa Komissyasının Prezidenti Bakıda olarkən enerji sahəsində əməkdaşlığa dair Azərbaycan Prezidenti İlham Əliyevlə memorandum imzalandı. Sənəddə bir çox məsələlər, eləcə də Cənub Qaz Dəhlizinin imkanlarının ikiqat artırılması öz əksini tapır. Qeyd olunur ki, Rusiya qazının tədarükündə yaranan fasilələrin fonunda Avropa İttifaqına qaz tədarükünü Azərbaycan 2021-ci ildəki səkkiz milyard kubmetrdən 2022-ci ildə gözlənilən on iki milyard kubmetrə qədər qaldıracaq. Bu hələ son nəticə deyil və artıq 2027-ci ilə qədər Azərbaycan qazının idxalının iki dəfə artırılacağı nəzərdə tutulur.
Əlbəttə ki, Avropaya nəql olunan qazın miqdarının artırılması iqtisadi baxımdan səmərəlidir və büdcə gəlirlərinin artması deməkdir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət mənada təsirsiz ötüşə bilməz və müsbət nəticələr verəcəyi də danılmazdır. Diqqətə çatdıraq ki, təkcə iqtisadi deyil, bir çox aspektdən yanaşdıqda, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunun olması və bundan sonra daha da artması təqdirəlayiqdir. Artıq Azərbaycan bütövlükdə Avropa üçün maraqlı tərəfdaş olmaqda davam edir və ölkəmizin maraqları da ön plana keçir. Azərbaycan getdikcə daha böyük nüfuza malik olur və ölkəmiz söz sahibi kimi bütün Avropada qəbul edilir.
Sözsüz ki, Avropanın enerji təhlükəsizliyini, tələblərini, eləcə də daxili tələbləri ödəmək üçün kifayət qədər qaz ehtiyatları və hasilat olmalıdır. Bu baxımdan diqqətə çatdıraq ki, Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” qaz-kondensat yatağından cari ilin sonunadək iyirmi altı milyard kubmetrə çatacağı gözlənilir və kifayət qədər böyük göstəricidir. Əlbəttə ki, get-gedə hasilatın daha da artmasını müşahidə etməyimiz nikbin proqnozlar vəd edir. Beləki, ötən il “Şahdəniz” qaz-kondensat yatağında 2020-ci ilin hasilatından 27,1 faiz artıq, yəni, 22,7 milyard kubmetr qaz hasilatının olması bunu deməyə əsas verir. Onu da nəzərə çatdırmaq yerinə düşərdi ki, Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” qaz-kondensat yatağının ehtiyatları bir trilyon həddində qiymətləndirilir.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları təkcə “Şahdəniz” qaz-kondensat yatağında olan ehtiyatlardan ibarət deyil. “Abşeron”, “Babək”, “Ümid”, “Azəri-Çıraq-Günəşli” yataqları kimi başqa digər mənbələr də var. Ölkəmizin 2,6 trilyon kubmetrə yaxın təsdiqlənmiş qaz ehtiyatlarının olduğu ortaya çıxır ki, bu da həm Avropaya qaz tədarükünü artırmaq, həm də artan daxili tələbatı ödəmək potensialının, eləcə də, işğaldan azad edilmiş ərazilərin tələbatının ödənilməsi üçün ehtiyatların olması deməkdir. Təbii ki, qaz yataqlarında hasılatın ilbəil artması onu deməyə əsas verir ki, Azərbaycan hələ bundan sonra, gələcəkdə də Avropaya qaz tədarükü ilə bağlı tələbatı ödəməyə hazırdır.
Qeyd olunan statistiq rəqəmlər göstərir ki, enerji təhlükəsizliyinin təminatı baxımından ölkəmizin resursları kifayət qədərdir. Bu isə göründüyü kimi, layiqincə qiymətləndirilir və Avropa Komissyasının Prezidenti xanım Ursula fon der Lyayenin Azərbaycana gəlişi, enerji sahəsində əməkdaşlığa dair memorandumun imzalanması da deyilənləri təsdiq edir. Təsdiq edir ki, həqiqətən də Enerji təhlükəsizliyinin təminatında azərbaycanın mühüm rolunun olduğu, bundan sonra da olacağı qlobal miqyasda qəbul edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB