Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşlarındandır - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşlarındandır - DEPUTAT ŞƏRH ETDİ

“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi son illər ölkəmizin əldə etdiyi uğurlardandır. Əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əlaqələrdən danışarkən öncə bunun tarixcəsinə qayıtmaq lazımdır. Məlum olduğu kimi bu əməkdaşlığın 15 ildən artıq yaşı var. İyul ayının 18-də Bakıda Aİ və Azərbaycan arasında imzalanan Memorandum birinci sənəd deyil. Tərəflər arasında 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin edən layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarında da iqtisadi əlaqələrin, xüsusən də neft-qaz sektoru ilə bağlı imzalanan sənədlərin bu gün həyata keçirilməsi və əldə edilən uğurlar barəsində də söhbət açılıb: “Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın başlatdığı neftdən sonra qaz hasilatında da inkişaf tempi nəzərə çarpır. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə təbii qazımız Avropa qitəsinə çatdırılır. Artıq Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün tərəflər bu əməkdaşlığın müsbət faydasını artıq görür. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir. Ursula Fon der Lyayenin bəyanatında da bu barədə fikirlər səsləndirilib və əlavə edilib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqda davam edir. Əlbəttə bütün bu münasibətlərin kökündə ölkəmizin etibarlı tərəfdaş kimi çıxış etməsi dayanır. O cümlədən Avropa Komissiyasının Prezidentinin sözləri ilə desək, Avropanın əsas qaz ixracatçısı Rusiyanın təklif etdikləri artıq Brüsseli maraqlandırmır. Ona görə də Avropa İttifaqı Rusiyaya alternativlər axtarmağa başlayır: “Mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir”. Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının Brüsseldə keçirilən iclasında ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Hazırda yeni ikitərəfli saziş üzərində iş gedir və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Tərəflər bunu genişləndirmək istəyir. 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracaq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir. Bu, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün də olduqca vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə