Neft bazarında tələb, təklif və qiymətlər: Uyğunsuzluğun səbəbi nədir? - ANALİZ

Neft bazarında tələb, təklif və qiymətlər: Uyğunsuzluğun səbəbi nədir? - ANALİZ

OPEC+ neft hasilatını artırsa və Rusiyanın təşkilatda iştirakını dayandırsa belə, neft qiymətləri yüksək olaraq qalacaq. Bu qənaətə xarici ekspertlər araşdırmalardan sonra gəliblər. Adətən bazarda tələb təklifi üstələyəndə ucuzlaşma baş verir, amma indiki dünyanın neft bazarı barədə bunları demək, bu aksiomanı aid etmək mümkün deyil. Neft məhsullarının istehlakı azalmır və tədarükdə yaranan fasilələri yaxın gələcəkdə aradan qaldırmaq mümkün olmayacaq. Buna baxmayaraq təklif getdikcə artır.

Neftin qiyməti tədricən yüksəlir. Martın 7-də Qərbi Texas nefti (WTI) müvəqqəti olaraq bir barelə görə 130,5 dollara, Brent nefti isə 139,13 dollara qalxaraq 2008-ci ilin iyulundan bəri ən yüksək göstərici ilə hamını təəccübləndirdi. Martın 16-da Brent 96,93 dollara, aprelin 11-də WTI 92,93 dollara qədər ucuzlaşsa da, iyunun əvvəlində hər ikisi 120 dollara qalxıb.

Neft bazarındakı son vəziyyəti təhlil etsək, aprel ayında azalma və artım üçün oynayan müxtəlif amillərin təsiri altında qiymətlər xeyli dəyişib. Aprelin 6-da ABŞ strateji neft ehtiyatından əlavə 180 milyon barel buraxdığını elan edib. Buna cavab olaraq, Yaponiya və Avropa da daxil olmaqla, BEA-nın digər üzvləri də öz ehtiyatlarından ümumilikdə 60 milyon barel buraxmağa razılaşdılar və ABŞ Enerji İnformasiya Administrasiyasının həftəlik neft statistikası neft ehtiyatlarının bazar gözləntilərinin əksinə olaraq artdığını göstərdi. Nəticədə WTI və Brent markalı neftin qiymətləri müvafiq olaraq 5,6% və 5,2% ucuzlaşdı.

Aprelin 11-də neft ehtiyatlarının koordinasiyalı şəkildə sərbəst buraxılması və martın 28-də Şanxayda tətbiq edilən karantin müddətinin uzadılması WTI 4%, Brent 4,2% ucuzlaşdırdı. Aprelin 12-də bazarda Rusiya neft hasilatının sutkada 9,76 milyon barelə enməsi, 2020-ci ilin iyul ayından bəri ən aşağı səviyyə olduğu və OPEK-in Rusiya tədarükünün azaldılmasını kompensasiya etməyin mümkünsüzlüyü barədə xəbərdarlıq etdiyi barədə xəbərlər bazara təkan verdi - WTI 6,7 % bahalaşdı, Brent isə qiymətini 6,3% artırdı.

Aprelin 13-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı atəşkəs danışıqlarını pozmaqda ittiham edərək hücum əməliyyatlarını bir az da genişləndirdi. Nəticədə neft tədarükü ilə bağlı narahatlıq artmağa başladı. Bundan əlavə, BEA-nın may ayında Rusiya neftinin tədarükünün gündə iki dəfə artaraq 3 milyon barrelə çata biləcəyini qeyd etməsi qiymətin artmasına kömək etdi. WTI 3,6%, Brent isə 4% bahalaşdı.

Aprelin 14-də Aİ-nin Rusiya neftinin idxalına mərhələli qadağa qoymağı nəzərdən keçirdiyi və iri beynəlxalq ticarət şirkətlərinin mayın 15-dən etibarən Rusiya dövlət neft korporasiyalarından neft və digər məhsulların alışını azaltmağı planlaşdırdığı barədə xəbərlər tələbi artırdı.

Mayın ortalarından sonlarına qədər neft qiymətləri Rusiyanın neft embarqosu və ABŞ və Çində neftə tələbatın artması fonunda yüksəldi. Artım tendensiyası iyun ayında da davam edib.

Qiymət artımına səbəb nədir?

Mayın 4-də Aİ-nin Rusiya neftinə embarqo tətbiq etməsindən sonra neft qiymətləri kəskin artıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı əlavə sanksiyalar, o cümlədən növbəti 6 ay ərzində neftə və ilin sonuna qədər neft məhsullarına embarqo tətbiq etməyi təklif edib. Faiz artımı və FED-in dolların kursu ilə bağlı sərtləşdirmə siyasətini tətbiq etməsi qiymətləri bird aha yüksəldib, WTI 5,3% və Brent 4,9% artıb.

Mayın 5-də OPEC+ nazirlərin iclasında iyunda hasilatı bir qədər - sutkada 432 min barel artırmaq qərarına gəlib ki, bu da qiymətlərin yüksəlişində rol oynayıb. Qlobal tələb artımının yavaşlaması ilə bağlı davam edən narahatlıqlar fonunda WTI və Brent markalı neft mayın 10-da müvafiq olaraq 3,2% və 3,3% ucuzlaşıb. Macarıstanın Rusiyanın neft embarqosuna sərt etirazı da qiymətlərin enməsinə səbəb olub.

Neft mayın 11-də Rusiya qazının tədarükünün kəsilməsi və Rusiyanın bəzi Avropa qaz operatorlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra enerji bazarının pozulacağı qorxusu fonunda kəskin bahalaşıb - WTI 6,0%, Brent 4,9%.

Mayın 13-də Çinin iqtisadi dəstək siyasətinin Dövlət Şurası tərəfindən elan edilməsi və Şanxay hakimiyyətinin pandemiya ilə bağlı qaydaların yumşaldılması perspektivi, habelə ABŞ-da benzin qiymətlərinin rekord şəkildə yüksəlişi fonunda WTI 4,1%, Brent isə 3,8% bahalaşıb.

Mayın 17-də neftin qiyməti ona görə ucuzlaşıb ki, Aİ Xarici İşlər Nazirləri Şurasının bir gün əvvəl keçirilən iclasında Macarıstana görə Rusiya neftinin idxalına qadağa qoyulması ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Bayden administrasiyasının Venesuelaya qarşı sanksiyaların bir hissəsini yumşaldacağına dair xəbərlər də öz təsirini göstərib.

Mayın 26-da Aİ prezidenti Şarl Mişel Rusiya neftinin idxalına qadağa məsələsinin Aİ-nin mayın 30-31-də keçirilməsi planlaşdırılan sammitində həll oluna biləcəyini söylədikdən sonra WTI 3,4%, Brent isə 3,0% bahalaşıb.

Mayın 30-da Aİ Macarıstana və bəzi digər ölkələrə boru kəməri tədarükləri istisna olmaqla, Rusiya neftinin idxalının təxminən 90%-ni dayandırmağa razılaşdı və mayın 31-də WTI 119,98 dollara, Brent nefti isə 125,28 dollara yüksəldi.

Daha sonra qiymətlər Rusiyanın OPEC+-da iştirakının dayandırılması ilə bağlı söhbətlər və OPEK-in Rusiya neftinin tədarükünün azalmasını kompensasiya etmək üçün əlavə hasilatı artırmağı nəzərdən keçirdiyi barədə xəbərlər səbəbindən ucuzlaşıb.

İyunun əvvəlində neft alışları bir qədər fəallaşmağa başlayıb. Bu bir neçə faktorla bağlıdır. Çində pandemiya səbəbindən qapanmalara gediləcəyi barədə deyilənlərdən sonra neftə tələbatın azalacağı ilə bağlı narahatlıqlar artmağa başladı. Lakin məhdudiyyətlər iyunun 1-də qaldırıldı və bu, qiymətlərdə tarazlamalara səbəb oldu.

ABŞ-da yüksək inflyasiya və sərt monetar siyasət səbəbindən iqtisadiyyatın və neftə tələbatın pisləşəcəyi ilə bağlı qorxulu xəbər yayılırdı. Lakin qiymətlər rekordları qırmağa davam etsə də, benzinə tələb güclü olaraq qalır. Yay səyahət mövsümü yaxınlaşdıqca tələbatın daha da artacağı gözlənilir. Aİ Rusiya neftinə embarqo tətbiq etmək qərarına gəlib və Rusiyadan idxalın daha da azalması gözlənilir ki, bu da "qara qızıl"ın tədarükünün pozulmasına gətirib çıxaracaq.

Yuxarıda qeyd etdiyim kimi, may ayının sonunda bəzi neft hasil edən ölkələrin Rusiyanı OPEC+-dan çıxarmaq və Rusiya neftinin tədarükünün azalmasını kompensasiya etmək üçün hasilatı artırmaq barədə düşündüyü barədə məlumatlar var idi. Eyni zamanda, OPEC+ nazirlərinin iyunun 2-də keçirilən iclasında iyulda hasilatın sutkada 648 min barel artırılması qərara alınsa da, bunun istənilən effekti verməyəcəyi ilə bağlı fikirlər üstünlük təşkil edir. Bu onunla bağlıdır ki, yalnız məhdud sayda neft hasil edən ölkələr hasilat həcmini artıra bilər. Digər amil isə Səudiyyə Ərəbistanının neftin rəsmi satış qiymətini artırması olub.

Bəli, dünyanın neft bazarı sanki Rusiyanın tədarükündə asılı vəziyyətdədir. Çinin də istühlak gücünü də bura əlavə etsək hər iki ölkənin bu və ya digər şəkildə silkələnmələri neft qiymətlərinə ciddi təsir etməkdədir. Bu arada məlum olub ki, Qərbir Rusiya qazına və neftinə tətbiq etdiyi sanksiyalar səbəbindən rəsmi Moskva bazaar gedən yolunu dəyişdirməli olub. Çin və Hindistan rusiya neftini almaq üçün sıraya düzülüblər. Fürsətdən yararlanan hər iki ölkə Rusiyadan aldığı ucuz xam nefti öz emal zavodlarında təkrar istehsal etməklə onu dünyanın başqa ölkələrinə daha baha qiymətə satırlar. Əlbəttə, bazarın qanunları budur, sən almasan başqa biri alacaq…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə