Bakı gündən-günə gözəlliklər diyarına çevrilir. Bu, şəhərin hər tərəfində, hər addımda hiss olunur. Salınan yaşıllıq zolaqları, əyləncə, istirahət mərkəzləri, parklar, xiyabanlar insanların asudə vaxtlarını səmərəli keçirmələri ilə yanaşı, həm də şəhərimizin qonaqlarının zövqünü oxşayır. Digər tərəfdən də bu qədim şəhərə müasir kolorit qatır.
İyunun 8-də Prezident İlham Əliyev paytaxtımızın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olarkən burada yeni bir gözəlliyin şahidi olduq. Şahidi olduq ki, ölkəmizin son 18 ildə sosial-iqtisadi inkişafı onlarla belə möhtəşəm tikililərin yaradılmasına səbəb olmuşdur. Bir-birindən gözəl binalar, komplekslər, mərkəzlər və yeni salınan parklar xüsusi zövqlə qurulur, Bakını Avropanın ən inkişf etmiş şəhərləri ilə müqayisə dərəcəsinə çatdırır.
Çəmbərəkənd- Bakının ən qədim yaşayış məskəni
Tarixi mənbələrdə qeyd olunur ki, Çəmbərəkənd Bakının ən qədim yaşayış məskənlərindən biridir və təxminən 1840-cı illərdə yerli yoxsullar, əsasən də dənizçilər tərəfindən salınmışdır. Qalanın cənub-qərb ətraflarından biri olan Çəmbərəkənd kəndi yüksək dağlıq ərazilərdə yerləşir və cənuba, dənizə doğru meyllidir. Bakının bu ətrafının yaranma tarixini dəqiq müəyyən etmək çətindir; onun Baylov kəndi, Təzə-Pir rayonu və sonralar yoxa çıxmış digər yaşayış məntəqələri kimi artıq XVIII əsrdə mövcud olması ehtimalı da istisna edilmir. 19-cu əsrin ikinci yarısında orada artıq 20-dən çox kəndli təsərrüfatları var idi. Bu kənd çoxsaylı mürəkkəb dar küçələri, arxa xiyabanları və çıxılmaz yolları olan aul tipli qəsəbə idi. Burada kasıblar və dənizçilər yaşayırdılar. 1871-ci ilə qədər onun ərazisi dörd dəfədən çox artmışdı.
Kənd keçmiş dövrün bütün kəndləri kimi, planauyğun olmayaraq qurulmuşdur: dar əyri küçələr, çoxlu arxa xiyabanlar, üzərində daxmalar olan kiçik formalı torpaq sahələri. Beləcə, torpaqdan gəlir əldə etməyi düşünmədən, təhlükəsizlik naminə mənzillər bir-birinə mümkün qədər yaxın tikilirdi.
Sonralar Bakı tamamilə dəyişdi, böyüdü və düzgün tərtibatlı tikililəri ilə Avropa şəhərinə çevrildi, lakin Çəmbərəkənd əvvəlki görkəmini hələ də saxlamaqda idi. Bunun iki səbəbi var idi. Birincisi, Bakının neftdən gələn milyonlarına baxmayaraq Çəmbərəkənd sakinlərinin iqtisadi vəziyyəti heç dəyaxşılaşmırdı. O zaman Bakı Şəhər Dumasının əməkdaşlarından ibarət xüsusi komissiyanın bu sakinlərin əmlak vəziyyəti ilə bağlı apardığı müfəssəl araşdırmada, tamamilə yoxsulların 75%-nin ən yaxşı halda gündəlik maaşla, ən pis halda isə yalnız sədəqə ilə dolandığı bildirilirdi. İkincisi, şəhərdə aparılan torpaq siyasəti ümumilikdə yoxsulların mənafeyinə xidmət etmirdi. Bu torpaq siyasəti Çəmbərkənd sakinlərinə münasibətdə də amansız idi.
Mənbələrdə qeyd olunur ki, zaman-zaman kəndin planlaşdırılması ilə əlaqədar səhv addımlar atılmış, bəzi binalar küçələrin altlnda qalmış, məqsədəuyğun olmayan tərtibatlar Çəmbərəkəndin xarabalığa çevrilməsinə səbəb olmuş, torpaqdan istifadə etmək imkanını itirən sakinlər gəlir əldə etməkdən məhrum olmuşlar. Lakin buna baxmyaraq şəhər duması ciddi şəkildə onlardan torpağın icarə haqqını ödəməyi tələb edirdi. Bununla belə qənaətə gəlmək olar ki, duma sakinlərdən daxmalarının yerləşdiyi torpağa görə icarə haqqı alırmış. Əslində sakinlərin istifadə etmələri üçün torpaq sahəsi yox idi. Eyni zamanda qeyd etmək lazımdır ki, qiymətləndirmə bəzi yerlərdə çox yüksək səviyyədə aparılırdı. Sakinlərsə yoxsulluq içərisində yaşayırdılar. Belə olan halda üstəlik sakinlər məhkəməyə də verilir, lakin ödəyəcəkləri bir şey olmadığına görə heç bir nəticə olmurdu.
Beləliklə Çəmbərəkəndin torpaq məsələsi problemi bitmək bilmirdi. Sakinlər başqa yerlərə köçürülməyə vad edilirdi. Onlara yeni mülklər salmaları üçün güzəştli kreditlər də təklif olunurdu. 1900-cu ilin əvvəllərinə doğru torpaqla bağlı məsələlər yavaş-yavaş öz həllini tapmağa başlayır.
İstifadəsiz ərazidən cənnətə...
Atalarımız “Görülən işdən gül ətri gələr”,- demişlər. Hələ gül ətri ətrafı o zaman daha çox bürüyür ki, həmin güllər dünən daşlıq, bu gün abadolan ərazidə əkilir. Güllər ətrafa o zaman daha çox ətir saçır ki, gözəlliklər boş, istifadəsiz yerlərdə yaradılır. Dünən yanından ötəndə canın sıxılan, bugünsə baxanda gözoxşayan, qəlbin qürurla dolduğu ərazilərdə güllər ətir saçır. “Çəmbərəkənd “ parkını da gül-çiçək ətri bürüyüb. Çünki ərazinin dünəni ilə bu günü müqayisəolmayacaq dərəcədədir.
Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Yaradılan şərait buraya üz tutacaq hər yaşda şəhər sakininin rahatlığını təmin etmək gücündədir.
4 hektara 50 mindən artıq ağac və gül kolu
Yaşıl rəng dünyanın ən gözəl rəngidir, desəm, yanılmaram. Çünki həyatımızdan onlarla rəng gəlib keçir, lakin insan övladının yaşıl rəngə olan ehtiyacı bitib-tükənmək bilmir. Ona görə ki, yaşıl rəng də insan kimi canlıdır. O, digər rənglərdən fərqli olaraq yaranır, yaşayır və məhv olur, yenidən doğulur. Yaşılrəngin bu həyati prosesini izləyən insan öz həyatını da bu axara uyğunlaşdırır. Çünki yaşıl rəngin bəxş etdiyi oksigen ona hava-su kimi lazımdır. Yaşıl rəngin yaratdığı sərinlik, rütubət insanın sağlamlığının təməlidir. Bol yaşıl rəngdən qaynaqlanan yağışlar insanın suya təlabatının ödəyicisidir. Yaşıl rəng insanın qidası, sağlamlığı, var olmasıdır. Bu səbəbdən də yaşıl rəngsiz insanı təsəvvür etmək olmaz.
İlk baxışdan cənnəti xatırladan “Çəmbərəkənd” parkında necə deyərlər, gül-gülü, bülbül-bülbülü çağırır. Çünki ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Bu isə insanların üz tutacağı parkı cənnətə çevirib.
Yaradılan yaşıllıq zolağı insan amilinə xidmət edir. Çünki dövlətimizin siyasi xəttində insan sağlamlığının xüsusi yeri vardır.
“Çəmbərəkənd” parkı şəhər sakinlərinə yay hədiyyəsi oldu
Ölkəmzin başçısının təşəbbüsü ilə salınan park, sözün əsl mənasında şəhər sakinlərinə yay hədiyyəsi oldu. Yaradılan onlarla park və xiyabanların davamı olan bu park qarşıdan gələn isti yay günlərində sakinlərin ən çox üz tutacaqları ünvan, asudə vaxtlarının ən mənalı yeri olacaq. Burada yaradılan bir-birindən gözəl mənzərələr, istirahət yerləri, qoyulan rahat oturacaqlar vaxtın mənalı keçməsi üçün nəzərdə tutulmuşdur. Salınan korpü, çəkilən yol isə parka dediş-gəlişin rahatlılğnı təmin edir.
Park buraya gələnlərin böyük marağına da səbəb olacaqdır. Onlar burada gəzib-dolaşdıqca ərazinindünəni ilə bügününü müqayisə edəcək, xüsusi coğrafi mövqeyə malik dairəvi şəkilli yerin cənnətə çevrilməsi ilə qürur duyacaqlar. Buranın şəhərə açılan mənzərəsini terraslardan seyr etdikcə bu ünvan kimi, onlarla müasirtipli tikilinin sehrinə düşəcəklər.
Dairəvi cənnət “Çəmbərəkənd” parkı insanlara onların ən çox sevdiyi yaşıl rəngi bəxş edəcək. Park buraya üz tutan hər bir şəhər sakinində, qonaqda məmnunluq hissi yaradacaqdır. Çünki bu park yaşıl rəngli cənnəti xatırladır. Yaşıl rəng isə harada çoxdursa, insan övladı orada xoşbəxtdir, sağlamdır, məmnundur.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB