Azərbaycan geniş tərəqqi və müasirləşmə yolunda inamla və sürətlə irəliləyir
İyirmi birinci əsrin Azərbaycanı bu gün dünyanın daim inkişaf edən ölkələri sırasındadır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan geniş tərəqqi və müasirləşmə yolunda inamla və sürətlə irəliləyir. Bu irəliləyişin əsası Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi və böyük uzaqgörənliklə işləyib hazırladığı inkişaf strategiyasıdır. Bu gün həmin inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı regionda etibarlı enerji təminatçısı kimi tanıdır.
Məlumdur ki, iyun ayının 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Cənab Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasim ilk dəfə 1994-cü il mayın 24-də mərhum prezident Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Məhz həmin vaxt keçirilən sərgi Azərbaycanın neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur.
Ölkə Prezidenti mərasimdə çıxışı zamanı bir çox mühüm amilləri qeyd etdi. Belə ki, ötən əsrin sonlarında yeni müstəqillik əldə edən Azərbaycan dövləti zəngin neft-qaz yataqlarına malik olsa da geniş biznes dairələri bundan xəbərsiz idi. 1994-cü ildən bu günə qədər bir çox iri neft-qaz lahiyələri həyata keçirilməsinə baxmayaraq Azərbaycana qarşı maraq günü-gündən daha da artır. 2006-cı ildə “Şahdəniz”dən qaz hasilatının başlanması və Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə verilməsilə Azərbaycan yeni qaz təchizatı mənbəyi kimi diqqət mərkəzinə gəldi. Keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır. Möhtərəm Prezident Azərbaycanın Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilməyi barədə geniş məlumat verdi. Ölkə başçısının enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. 2011-ci ildə Avropa Komissiyası ilə imzalanan "Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə" Avropa İttifaqı ilə əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu. Cənab Prezident Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd edib ki, “Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”. Regionda baş verən hadisələri nəzərə alsaq biz görərik ki, “Cənub Qaz Dəhlizi” layihəsi olduqca vacibdir. Prezident cənab İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın tranzit ölkə kimi də yüksək potensiala malik olmasına diqqət çəkdi.
Ölkəmiz digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan maksimum dərəcədə istifadə oluna bilər. Hazırda Azərbaycanın müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır. Hazırda Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir.
Məmləkət Qaraçobanova
Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB