Azərbaycan xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın uğurlu inkişaf dövrü başlamışdır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası üç istiqaməti özündə ehtiva edirdi: xarici sərmaye və təcrübənin ölkəyə cəlb edilməsi, çoxşaxəli ixrac sisteminin qurulması və təbii sərvətlərdən əldə olunan gəlirlərin şəffaf və səmərəli idarə edilməsi. Əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir.
Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan ilk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.
Cari ilin 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirakçılar və ziyarətçilər üçün müxtəlif mövzularda sessiyalar təşkil edildi. Belə ki, “Neft və qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Bərpa olunan enerji”, “Elektrik sənayesində qadınlar” və digər mövzularda keçirilən sessiyalarda neft-qaz sektoru ilə bağlı mütəxəssislərin təqdimatları maraqla qarşılandı. Sərgi iştirakçıları arasında “Schlumberger”, “Bos Shelf”, “Equinor”, “Gazprombank” və bu kimi iri şirkətlər vardı
Ənənəvi “Xəzər Neft və Qaz” sərgisi dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini, o cümlədən hökumət rəsmilərini, energetika və sənaye nazirliklərini, baş katibləri və aparıcı beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayıb. Qeyd edək ki, Xəzər regionunun enerji sektorunda ən böyük tədbirlərdən sayılan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Xəzər regionunun enerji sektorunda növbəti mühüm hadisəyə çevrildi. Şirkətlər neft hasilatı və enerjinin nəqli sahəsində innovativ texnologiyalar, bərpa olunan enerji sahəsində pilot layihələr, neftin və qazın saxlanması sistemləri və xidmətlərini, eləcə də regionda cari və perspektiv neft-qaz işlənmə layihələrini və digər nailiyyətləri nümayiş etdirdilər. Ənənəvi “Caspian Power 2022” sərgisi Xəzər regionunda energetika və bərpa olunan enerji mənbələri sahəsində yeganə ixtisaslaşmış tədbir kimi energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə beynəlxalq və yerli şirkətlərin ən son təkliflərini nümayiş etdirib.
Belə ki, sərgilər və forum enerji sənayesinin aparıcı nümayəndələrinin bir sıra mühüm görüşlərini təmin etmiş, ən son texnoloji məhsulları bütün dünyaya təqdim etmiş, səmərəli və qarşılıqlı faydalı əlaqələr formalaşdırmış, yeni perspektivli müqavilələrin imzalanmasına öz töhfəsini vermişdir.
Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur.
Prezident öz çıxışında Azərbaycanın enerji infrastrukturunun heç bir nasazlıq olmadan işlədiyini qeyd etdi. – “Əlbəttə, bu, bizim proqnozlaşdırıla bilənliyimizi və etibarlılığımızı və texniki və maliyyə cəhətdən mürəkkəb olan irimiqyaslı infrastruktur layihələrini həyata keçirə biləcəyimizi nümayiş etdirir”.
Bu zaman dövlət başçısının sözləri elmi-texniki inkişafın praktiki əhəmiyyətinin müasir innovasiyaların təsirini uğurla tamamladığı çoxsaylı ekspozisiyalarda öz aydın əksini tapmışdır. Ən yaxşı ideyalar, layihələr, nailiyyətlər Azərbaycanda akkreditə olunmuş yerli və xarici şirkətləri təmsil edən iştirakçıların əksəriyyəti tərəfindən nümayiş etdirilib.
“Bu gün mən Azərbaycanın neft-qaz bazarına və artıq iştirak etdiyimiz layihələrə daha yaxından baxmaq, həmçinin yeni müştərilərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün sərgiyə gəlmişəm. Sərgi yüksək səviyyədə təşkil olunub və çox dinamikdir. Burada hər şeyi çox bəyəndim. Rusiyadan olan çoxsaylı stendlər diqqətimi çəkdi. Yerli SOCAR şirkətinin stendi mənim marağımı cəlb etdi, burada özüm üçün maraqlı məlumatları əldə etdim, bunlar yeni layihələrin həyata keçirilməsində çox faydalı olacaq.
Hesab edirəm ki, bu cür maraqlı sərgilərin keçirilməsi xüsusilə pandemiyadan sonra vacibdir. Pandemiya dövründə demək olar ki, hamımız onlayn rejimə keçmək məcburiyyətində qalmışdıq. Bununla belə, ənənəvi sərgiləri, canlı danışıqları, tanışlıqları heç nə əvəz edə bilməz. Sərgi həmişə bu sahə ilə maraqlanan mütəxəssisləri bir araya gətirən məkan və bazarın inkişafı üçün qeyd-şərtsiz bir amildir.”
Göründüyü kimi, düzgün müəyyənləşdirilən siyasət davamlı uğurların əsasıdır. Uğurlu sonluqla başa çatan hər bir layihə yeni layihənin başlanğıcı kimi dəyərləndirilir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur, onların icrasında dövlət büdcəsinə milyardlarla vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir.
Yeni neft strategiyası reallaşdıqca Azərbaycanın iqtisadi gücü daha da artacaq, respublikamız hər sahədə inkişaf edən, çiçəklənən ölkəyə çevriləcəkdir.
Səidə Rəhimova
Xəzər rayonu, Ramiz Qasımov adına 216 nömrəli məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB