Qeyri-neft sektorunda inkişaf meylləri hiss olunmaqdadır - İQTİSADÇI AÇIQLADI

“Ümumiyyətlə son 30 ildə olduğu kimi son dövrlərdə də Azərbaycanda neft-qaz sektoru iqtisadiyyatın aparıcı qüvvəsi olaraq qalır. İxracatın əhəmiyyətli hissəsi, yəni 90 faizə qədəri məhz bu sektordan formalaşan satışdan yaranır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, ölkənin valyuta gəlirlərinin 90 faizi bu sektorla bağlıdır: “Eyni zamanda büdcənin yarısından çoxu, yəni 54 faizə qədəri bu sektordan formalaşan gəlirlər hesabına müəyyənləşir. Yəni həm Neft Fondundan transferlər, həm də neft-qaz sektorundan toplanan vergilər hesabına müəyyənləşir.

Ümumdaxili sektorumuzun üçdə biri də bu sahədən formalaşır. Baxmayaraq ki, çox da işçi cəlb olunmayıb, amma məşğulluğun strukturuna baxdıqda 50 faizinin neft-qaz sektorunda olduğunu görürük.

Amma bununla paralel olaraq qeyri-neft sektorunda inkişaf meylləri hiss olunmaqdadır. Kənd təsərrüfatında da artım dinamikası var. Son dövrlər qeyri-neft ixracının həcmi artır. Həm də burada neft-kimya sənayesi məsullarını da görmək olur. Azərbaycan təkcə bu sektorda xammal yox, həm də gübrə satan ölkəyə çevrilib.

Kənd təsərrüfatı məsullarında ümumilikdə artım müşahidə olunur.
Ümumiyyətlə son dövrlərdə iqtisadiyyat stabilliyini qorusa da çox gərgin perioddan keçir. Dünyada baş verən proseslər inflyasiya proseslərini gücləndirir. Burada isə inflyasiyanın yumşaldılmasından danışmaq hələ tezdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə