Yeni Suraxanı qəsəbəsində təmir işləri yekunlaşmaq üzrədir - FOTOLAR

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmir işləri yekunlaşmaq üzrədir. AAYDA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Yenidənqurma işləri çərçivəsində vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçədə 2240 p/metr yeni piyada səkiləri inşa olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunur.
Sözügedən küçədə təmir işləri 12 min kv.m-dən çox sahədə aparılır.

Cari ilin “İnvestisiya Proqramına”na əsasən təmir işləri Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılıb. Torpaq əsaslı yollarda artıq asfalt işləri icra olunaraq yekunlaşdırılıb.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə