Monetar siyasət iqtisadiyyatın dayanıqlılığının əsas faktorudur

2020-ci ildən dünyamızın üzləşdiyi COVİD-19 pandemiyasının aradan qaldırılması üçün tətbiq olunan məhdudiyyətlər, habelə insanların sağlamlığının qorunması, ölüm hallarının azalmasına yönələn sərt tədbirlər qlobal dünya iqtisadiyyatında bir sıra mənfi tendensiya ilə müşahidə olunur və son günlər baş verən qiymət artımı bank sisteminə də təsirsiz ötüşməmişdir.Baş verən bu tendensiyada bankların xarici valyutaya olan ehtiyacı davamlı olaraq artmaqdadır.

2022-ci ilin əvvəlindən, yəni təkcə yanvar ayında Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən 7 valyuta hərracında kommersiya banklarına 726.9 milyon ABŞ dolları həcmində xarici valyuta satılıb.
Azərbaycanda, əksər ölkələrdə olduğu kimi, maliyyə sektorunun mühərriki rolunu bank sektoru oynayır. Təəssüf ki, bu gün yerli banklar tərəfindən fiziki şəxslər və ya sahibkarlara verilən kreditlərin həcmində son 10 ildə qlobal iqtisadiyyatda və onun təsiri nəticəsində yerli iqtisadiyyatda baş verən hadisələrə görə dalğalanmalar müşahidə olunur.

Belə ki, 2015-ci ildə milli valyutanın devalvasiyası maliyyə sektorunun inkişafınının dayanmasına, bir sıra bankların bağlanmasına, maliyyə sisteminin durğunluğuna səbəb olaraqölkədə kreditləşmənin artan tempini alt-üst etdi. Bunun nəticəsində, həmin dövrün tələblərinə uyğun olaraq inflyasiyanın azaldılması məqsədilə həyata keçirilən sərt pul siyasəti bankların kredit imkanlarını məhdudlaşdırdı.

Bundan irəli gələrək ölkənin maliyyə sektorunun fəaliyyəti düzgün tənzimləmə və ardıcıl siyasət nəticəsində qısa bir zamanda bərpa olunaraq inkişaf tempinə dönmüşdür. Bu inkişaf tendensiyası koronavirus pandemiyasının çətinlikləri qarşısında davam gətirmiş, öz çevikliyini və elastikliyini sübut etmişdir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın canlandırılması yönündə görülən işlər çərçivəsində monetar siyasətdə müəyyən yumşalmalar bankların kredit imkanlarını artırdı, fiziki şəxslər və sahibkarları kredit xidmətlərindən yararlanmağa təşviq edərək, iqtisadiyyata qoyulan investisiyaların artmasına təkan verdi.

Nəticədə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər özünün dayanıqlılığını sübut etdi.Xüsusilə də monetar siyasəti həyata keçirən Milli Bank və Maliyyə Nazirliyi tərəfindən hökumətə təklif olunan tədbirlər paketi real vəziyyətə uyğun hərəkət etməyə imkan vermişdir. Bu da, öz növbəsində, daha çox insanın iqtisadi fəaliyyətə cəlb olunmasını təmin edərək, məşğulluq imkanlarını genişləndirərək ölkədə iqtisadi artımla müşahidə olundu. Dünya Bankının məlumatlarına əsasən 2020-ci ildə Azərbaycanda banklar tərəfindən özəl sektora verilən kreditlərin həcmi ÜDM-nin 25 faizini təşkil etmişdir.

Onu da qeyd edim ki, ölkənin bank-maliyyə sisteminin sağlamlıq səviyyəsi eyni zamanda onun xalis xarici aktivlərinin (XXA) göstəriciləri ilə ölçülür. Azərbaycanın xalis xarici aktivlərininn həcmində 2015-ci ildəki manatın devalvasiyasından sonra davamlı artım müşahidə olunur. Bu gün Azərbaycanın xaricdəki aktivlərinin dəyəri xaricilərəməxsus daxili aktivlərin dəyərini üstələyir. Dünya Bankının 2020-ci il üzrə məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanda XXA 18 milyard 761 milyon ABŞ dolları təşkil etmişdir.

Baxmayaraq ki, bir sıra beynəlxalq maliyyə institutları tərəfindən 2022-ci il üçün verilmiş proqnozlar birmənalı deyil, Azərbaycanda bank-maliyyə sahəsinin dayanıqlılığının qorunması və mərkəzləşdirilmiş siyasətin davam etdirilməsi müsbət qiymətləndirilir. Lakin, bununla yanaşı olaraq bundan sonrakı dövrdə ölkədə maliyyə sektorunun davamlı və inklüziv inkişafının təmin edilməsi məqsədilə əhalinin maliyyə savadlılığının artırılması, kölgə iqtisadiyyatına dair mübarizədə tədbirlərin genişləndirilməsi, bankların və digər kredit təşkilatlarının əhaliyə innovativ məhsul və xidmətlər təklif etməsi üçün münasib ekosistem yaradılması yönündə tədbirlərin gücləndirilməsi məqsədə uyğun hesab edilə bilər.

Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə