Azərbaycanda dollar alışı artıb - DEVALVASİYA GÖZLƏNİLİR? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Ümumiyyətlə yanvar ayının statistikasına əsasən onu deyə bilərəm ki, yanvar ayının 6-da 115 milyon dollar satıldığı halda, 13 yanvarda 97 milyon dollar satılıb. Son rəqəmlərdə yanvarın 21-nə qədər olan statistika dollara olan tələbin o qədər olmasını göstərmir, əksinə yarım ayda 15 milyona qədər həcm azalması var”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert Eldəniz Əmirov qeyd edib ki, sadəcə olaraq son dövrlərdə devalvasiya müəyyən söz-söhbətlərin yaranmasına görə dollara süni şəkildə tələb artıb: “İnsanlar devalvasiyadan narahat olduğu üçün dollar almağa başlayıblar. Buna görə də dollara olan tələbin artması ilə bağlı statistikanın üzə çıxması mümkün ola bilər. Bu da qısa müddətdə ola bilər ki, insanlar pulu dollara çevirdikdən sonra artıq yenə stabilləşmə olacaq. Biz 2022-ci ilin dövlət büdcəsinə, eləcə də hökumətin hazırda makroiqtisadi tənzimləmə strategiyasına baxdıqda düşünürəm ki, devalvasiyanın olması ilə bağlı elə bir ciddi təhdidlər yoxdur. Hazırda Azərbaycanın mümkün valyuta ehtiyyatları 55 milyard dollara yaxınlaşan valyuta ehtiyyatı, eyni zamanda makroiqtisadi şərait, devalvasiyanın olmamasını zəruri etmir”.

Ekspert vurğulayıb ki, devalvasiyanın olması ilə də biz hazırda bu proseslərin tarazlığının qorunmasına nail ola bilirik: “Sadəcə olaraq perspektivdə nə zamansa bu mütləq şəkildə olmalıdır. Çünki, ixracı stimullaşdırmaq, turizmi ölkədə sərfəli etmək və digər fəaliyyətlər üçün liberal iqtisadiyyatın qorunması üçün mütləq şəkildə manatın dollar qarşısında müəyyən qədər ucuzlaşması bir zərurətdir, amma bunun nə vaxt olacağını deyə bilmərəm. Bu biraz bir neçə səbəblərdən asılı olaraq baş verə bilər. Ola bilər ki, dövlət öz valyuta ehtiyatlarını qorumaq üçün devalvasiyaya getsə bu nəzəri cəhətdən mümkündür. Lakin hazırda makroiqtisadi tarazlığın qorunması üçün dövlət manatın məzənnə stabilliyinə üstünlük verir. Ona görə də devalvasiyanın olma ehtimalı demirəm sıfırdır, amma çox deyil. Ona görə 2022-ci il ərzində devalvasiyanın olmama ehtimalı daha çoxdur. Lakin təbii olaraq istisnalar həmişə var”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə