“Məskunlaşma proqnozlaşdırılandan daha tez baş verəcək” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

"Füzuli və Cəbrayılın artıq baş planının hazırlanması prosesi gedir və güman olunur ki, yaxın vaxtlarda baş plan təsdiq olunacaq". Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, bununla da həm Füzulidə, həm Cəbrayılda baş plana uyğun olaraq şəhərin təməlqoyması, şəhərin salınması prosesi başlayacaq.

“Nəzərə alaq ki, artıq Ağdamın baş planı təsdiq olunduqdan sonra bu istiqamətdə intensiv olaraq şəhərin bərpa və yenidənqurulması həyata keçirilir, eyni zamanda Ağdamda sənaye parkı yaradılır. Gözlənilir ki, baş plana uyğun olaraq da hər iki şəhərdə, Füzuli və Cəbrayılda yaşayış yerlərinin, yaşayış sahələrinin, inzibati binaların yerləri müəyyənləşəcək. Eyni zamanda nəzərə alaq ki, sənaye məhəllələrinin digər ərazilərdə də formalaşması nəzərdə tutulur. O baxımdan həm aqrar, həm də sənaye üçün sahələrin ayrılması da nəzərdə tutulacaq. Nəticə etibarı ilə burada təbii ki, əsas məqsəd məskunlaşma prosesinin sürətli şəkildə aparılmasıdır.

Nəzərə alaq ki, artıq Füzuli Beynəlxalq Limanı istifadəyə hazırdır və təbii ki, bu, Füzuli şəhərinin yenidən qurulması, nəqliyyat, loqistika, eyni zamanda inzibati binalar, sosial obyektlər və yaşayış binalarının inşaatı üçün bir zəmin yaradır. Təbii ki, bu proses mənalı şəkildə həyata keçirilən bir prosesdir. İntensiv şəkildə baş planın hazırlanması ondan xəbər verir ki, məskunlaşma proqnozlaşdırılandan daha tez baş verəcək və bu da təbii ki, birbaşa intensiv şəkildə bərpa və yenidənqurma işlərinin aparılması ilə bağlıdır”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...