Rusiyaya alma və pomidor ixracına icazə verilib

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Agentlikdən verilən məlumata görə, həyata keçirilən birgə tədbirlərin nəticəsi və agentliyin zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 2021-ci il 14 sentyabr tarixindən daha 11 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.

Xatırladaq ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 144767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton məhsuldan təqribən 2,2 dəfə çoxdur.

Onu da bildirək ki, indiyə qədər Rusiyanın müvafiq qurumu tərəfindən ölkəmizdə fəaliyyət göstərən 70 pomidor və 46 alma istehsalı müəssisəsindən qonşu ölkəyə məhsul ixracına icazə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...