"Türk iqtisadi birliyinin yaradılması istiqamətində.." - İQTİSADÇI AÇIQLADI

"Bu gün Bakıda türkdilli ölkələrin iqtisadiyyat nazirləri görüşür. Bugünkü görüşün əsas məqsədi biznes mükafatlarının verilməsi, eyni zamanda iqtisadi əlaqələrin inkişaf etdirilməsi, daha da təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparılması olub. Düşünürəm ki, bu tip görüşlərin, forumların keçirilməsi nəinki Azərbaycan üçün digər türkdilli ölkələr üçün də mühüm əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin iqtisadi gücü 300 milyona yaxın satış bazarını əhatə edir. Bu istiqamətdə biz də geniş işlər həyata keçirməliyik. Çünki Azərbaycan da dünyada xüsusi stratejik ölkələrdən biridir. Bu barədə Asif İbrahimov fikrini belə izah edib: "Şimal-cənub, şərq-qərb kommunikasiya xətlərinin üzərində yerləşdiyi üçün, xüsusilə Azərbaycanın bu tip forumlarda iştirakı türk iqtisadi birliyinin yaradılması üçün çox vacibdir. Türk iqtisadi birliyinin yaradılması istiqamətində eyni zamanda Zəngəzur dəhlizinin açılması çox vacibdir. Bu dəhlizin açılması həm Azərbaycan üçün, həmçinin bütün türkdilli ölkələr xüsusilə mərkəzi asiya ölkələrinin iqtisadiyyatının daha təkmilləşdirilməsinə səbəb ola bilər. Bunun üçün Azərbaycan bu istiqamətdə indiqator rolunu oynamalıdır. Zəngəzur dəhlizinin açılması istiqamətində digər türkdilli ölkələr Azərbaycana ciddi dəstək göstərməlidir. Daha yaxşı olardı ki, gələcəkdə ümummilli valyutamız, ümumi türk iqtisadi birliyimiz olsun. Bu istiqamətdə də Azərbaycanın indiqator rolunu oynamasını arzu edərdik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə