Bitkoinin qiymətinin yüksəlməsinin Azərbaycana təsiri olacaqmı? İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

Bitkoinin qiymətinin yüksəlməsinin Azərbaycana təsiri olacaqmı? İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

Bitkoin virtual valyutadır, amma bununla belə son dövrlər virtual valyutalara tələbin artması müşahidə olunur və təbii ki, bu, tələbatın artması fonunda biz bitkoinin qiymətinin yüksəlməsini müşahidə edirik. Bu sözləri SİA-ya verdiyi açıqlamsında iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, bitkoinə tələbin artması onunla bağlıdır ki, digər tərəfdən ümumiyyətlə, blokçeyn texnologiyasının daha geniş şəkildə istifadəsi həyata keçirilir.

“Bitkoin əgər əvvəllər inkişaf etmiş ölkələrin iqtisadiyyatında tətbiq olunurdusa, dövriyyəyə virtual olaraq buraxılırdısa, indi artıq inkişaf etməkdə olan ölkələrdə belə bitkoinlərdən istifadə olunur və həm bitkoin də daxil olmaqla virtual valyutalar artıq istifadə coğrafiyasını genişləndirir. Eyni zamanda dünya iqtisadiyyatında qeyri-müəyyənlik var. Çünki, pandemiya virtual xidmətlər və məhsullara tələbi artırır. Bu kontekstdən biz bitkoinlərə tələbin artmasını və buna uyğun olaraq qiymətinin yüksəlməsini müşahidə edirik. Əslində bu ondan xəbər verir ki, dünya iqtisadiyyatı virtuallaşır və getdikcə virtual müəssisələrə və xidmətlərə tələb yüksəlir. Bu da nəticə etibarı ilə virtual məhsulların, o cümlədən virtual valyutaların qiymətinə təsir göstərir.

Azərbaycan iqtisadiyyatı üçün bitkoinin qiymətinin dəyişməsinin hələ xüsusi təsirləri yoxdur. Çünki, nəzərə alaq ki, Azərbaycan hələlik blokçeyn texnologiyasını, virtual valyutalar sistemini öyrənir, bu da pul-kredit siyasətində öyrənilməli sahələrdən biri kimi qiymətləndirilib və nəzərə alınıb. Ona görə də təbii ki, Azərbaycan da Mərkəzi Bank da çalışır ki, yeni dövrə blokçeyn texnologiyası ilə uzlaşan virtual valyuta dövrünə tam hazırlaşsın. O baxımdan bizim valyutaya və eyni zamanda maliyyə sisteminə hərhansı bir təsirləri yoxdur, amma bitkoinin qiymətindəki artımlar, ümumiyyətlə, virtual valyutalara tələbin artması bir daha ondan xəbər verir ki, artıq inkişaf etməkdə olan ölkələrdə də yaxın gələcəkdə biz virtual valyutaların dövriyyəsinin genişlənməsini biz müşahidə edəcəyik”, deyə Vüqar Bayramov.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə