“İqtisadi rayonların yeni təsnifatı əhəmiyyətli addımdır” -İQTİSADÇININ ƏTRAFLI ŞƏRHİ
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü Azərbaycan iqtisadiyyatının inkişafı, eyni zamanda sistemli şəkildə iqtisadiyyatın idarə edilməsi baxımından çox vacibdir. Nəzərə alaq ki, iqtisadi rayonlar təbii ki, həm coğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda potensialına, iqtisadi potensialına uyğun olaraq qiymətləndirilməsinə imkan verir və nəticə etibarı ilə biz iqtisadi rayonlara artıq həmin rayonun iqtisadi potensialına uyğun olaraq yanaşmanın həyata keçirilməsini müşahidə edirik.”Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, yeni təsnifat artıq Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, eyni zamanda təbii ki, yeni reallıqlara uyğun olaraq həyata keçirilir.
“İqtisadi rayonların yeni təsnifatı Azərbaycan iqtisadiyyatının inkişafı baxımından, eləcə də rayonlarımızın iqtisadi potensialının genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda nəzərə alaq ki, artıq biz iqtisadi rayonlar sırasında yeni adda, yəni Qarabağ və eləcə də Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsini gördük. Bu həm strateji baxımdan, həm iqtisadi baxımdan, həm də təbii ki, tarixi baxımdan kifayət qədər vacib bir qərardır, əhəmiyyətli bir addımdır. Çünki, nəticə etibarı ilə, nəzərə alaq ki, əvvəlki təsnifatda Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları var idi, amma yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ İqtisadi Rayonunda təmsil olunacaq. Şərqi Zəngəzur praktik olaraq həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi baxımından da vacibdir.
Xüsusən nəzərə alaq ki, Qarabağ İqtisadi Rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik olan iqtisadi rayondur. Bu, bölgələrimizin, işğaldan azad olunmuş rayonlarımızın bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, həmçinin dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək. O baxımdan yeni təsnifat bütövlükdə Qarabağın, işğaldan azad olunmuş ərazilərimizin iqtisai potensialının daha yaxından istifadə edilməsinə imkan verəcək. Xüsusən nəzərə alaq ki, Şərqi Zəngəzur, Zəgəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikasına və qardaş Türkiyəyə çıxış imkanları əldə edəcək və bu da təbii ki, Şərqi Zəngəzur İqtisadi Rayonunun həm də strateji baxımdan, coğrafi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. O baxımdan yeni təsnifat Azərbaycanda iqtisadi inkişafın sistemliliyi, dayanıqlığın təmin edilməsi baxımından vacib olmaqla yanaşı, həm də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının daha yaxından və daha geniş şəkildə istifadəsinə imkan verəcək və bu da, həmin ərazilərimizdə iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacaq”, deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB