"Bu layihə Azərbaycanın daha da qüdrətli dövlət olmasına öz töhfəsini verəcək" - DEPUTAT ŞƏRH ETDİ

"Bu layihə Azərbaycanın daha da qüdrətli dövlət olmasına öz töhfəsini verəcək" - DEPUTAT ŞƏRH ETDİ

“Ölkəmizdə qeyri neft sektorunun inkişafı və ölkə iqtisadiyyatına iri investisiyaların cəlb olunması baxımından Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması ölkəmizin həyatında böyük hadisəyə çevrildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ağalar Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünya birliyində ən uğurlu gənc dövlət kimi qəbul olunması, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyə sahib olması bu gün ölkəmizdə əlverişli investisiya mühitinin formalaşmasından xəbər verir: “Ümumi sahəsi 850 hektar olan iqtisadi zonanın 60 hektarında layihələndirmə işlərinin başa çatdırılması və inşaat işlərinin başlaması onu göstərir ki, burada infrastrukturun qurulması üçün bütün zəruri addımlar atılmaqdadır. Dövlət başçımızın rəhbərliyi altında bu günədək ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından atılan addımları, milli iqtisadiyyatın müxtəlif sahələrinin əlaqələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, investisiya mühitinin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində olduqca vacib layihələrin icrası təmin olunub. Pandemiyanın dünyada yaratdığı böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla həyata keçirilir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun əyani nümunəsidir. Bu geniş miqyaslı layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər və etibarlı tərəfdaşlar qazandıracaq, Cənubi Qafqaz regionunda qazandığımız mövqeləri qüvvətləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində vaz keçilməz rolu olan dövlətimizn strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin, büdcəyə daxil olan vəsaitin artmasına və beynəlxalq investisiyaların cəlb edilməsinə yeni zəmin yaradacaq. ​Ələt Azad İqtisadi Zonasının Azərbaycanın ən böyük qeyri-neft sektoru layihəsi olduğunu və bu ideyanın çoxdan müzakirə olunduğunu diqqətə çatdıran deputat bu layihənin yeni texnologiyaların, innovasiyaların ölkəmizə gətirilməsi və yeni iş yerlərinin yaradlması baxımından cəlb edici olduğunu söyləyib. Təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev deyib: Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir”.

​Deputat həmçinin qeyd edib ki, dövlətimizin qarşısında dayanan əsas vəzifə Ələt Azad İqtisadi Zonasına dövlət sərmayəsini deyil, potensial xarici investorları cəlb eləməkdən ibarətdir. “Çünki, Prezidentimizin də söylədiyi kimi, dövlət sərmayəsi artıq öz rolunu oynayıb, əsas infrastruktur layihələr icra olunub. ​Layihənin tikintisi davam etdirildiyi dövrdə ölkələr arası hökumət komissiyaları birgə əməkdaşlıq nümunəsi ortaya qoyacaq, xaricdəki Azərbaycan səfirliklərinə təlimatlar veriləcək, keçirilən bütün iqtisadi tədbirlərdə bu mövzu gündəliyə salınacaq və xarici şirkətlər podratçı qismində bu nəhəng iqtisadi layihəyə dəvət olunacaqlar. Bir sözlə, Ələt Azad İqtisadi Zonası layihəsinin uğurla başa çatdırılması Azərbaycanın daha da qüdrətli dövlət olmasına öz töhfəsini verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə