"Turistlərin sayında ciddi artım müşahidə olunacaq” - İQTİSADÇI ŞƏRH ETDİ
Ölkəmizin əksər guşələri gözəl və özünəməxsusluğu ilə seçildiyindən, bu yerlər turizm sahəsində ad-san qazanıblar. Təbii ki, belə olduğu halda bu məkanlarda otellər də olmalıdır. Çünki dünyanın dörd bir yanından turistlər bu yerlərə baxmağa gəlirlər. Cənab Prezident İlham Əliyev ölkəmizdə turizmin böyük gələcəyinin olduğunu hələ neçə illər bundan əvvəl Azərbaycanda ən müasir otellərin, o cümlədən məşhur dünya brendlərinə aid mehmanxanaların inşasının vacibliyini qeyd edirdi. Pandemiyadan əvvəlki son illərdə isə Azərbaycanda turizmin inkişafı böyük vüsət aldı. Lakin bütün dünyada olduğu kimi, koronavirusun sürətlə yayılması ölkəmizdə də turizmin inkişafına ciddi maneə yaratdı. İndiki şəraitdə yeni otellərin istifadəyə verilməsi Azərbaycanda uzaqgörən siyasətin həyata keçirilməsinin bariz göstəricisidir.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli SİA-ya açıqlamasında bunları deyib: "Azərbaycanda yeni turistik obyektlərin, otellərin, restoranların, kafelərin və ümumiyyətlə, əyləncə mərkəzlərinin açılması gələcəkdə Azərbaycanın turizm potensialının daha da artırılması üçün mühüm töhvə verə bilər: “Bu bir şərtlə olar ki, Azərbaycanda və dünyada pandemiya ilə bağlı vəziyyət daha da sabitləşsin. Həmçinin, sərhədlərin açılması, uçuş saylarının artması getdikcə çoxalarsa o zaman Azərbaycana gələn turistlərin sayında da ciddi artım müşahidə olunacaq”.
Natiq Cəfərli sözlərinə belə davam edib: “Bu ciddi artımın müşahidə olunması Azərbaycan iqtisadiyyatında turizm gəlirlərinin artmasına səbəb olacaq. Yəni, əslində, yeni obyektlərin, otel, əyləncə mərkəzlərinin, ictimai iaşə obyektlərinin açılması Azərbaycanın gələcəkdə turizm potensialının artırılmasında mühüm rol oynayacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB