KOBİA-ya yeni sədr müavini təyin edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yeni sədr müavini təyin edilib. SİA xəbər verir ki, bu, Samir Hümbətovdur.

O, indiyə qədər nazirlik yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyəti (İH) sədrinin müavini olub, yeni vəzifəsində bir qədər əvvəl Birləşmiş Tranzit Operatorunun direktoru təyin olunmuş Tamerlan Vahabovu əvəz edib.

***

S.Hümbətov 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır, 2002-2017-ci illərdə SİF-də məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri, 2018-ci ildə "Azərbaycan İpoteka Fondu" ASC-də İH sədrinin müşaviri, şöbə rəisi vəzifələrində çalışıb, 2019-cu ildən isə SİF-in rəhbərliyinə gətirilib.

S.Hümbətov ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub, dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi alıb.

***

T.Vahabov isə 1982-ci ildə anadan olub, 1998-2002-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquq, 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə bakalavr təhsili, 2007-2010-cu illərdə ABŞ-ın Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbində İqtisadiyyat və beynəlxalq münasibətlər, ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbində Müdafiə məsələlərinin planlanması və təhlili üzrə magistr təhsili alıb.

O, 2002-2012-ci illərdə Daxili İşlər Nazirliyində BMT-nin İnkişaf Proqramının layihəsində, Fransada İnterpolun Baş Katibliyində, Xarici İşlər Nazirliyində, ABŞ-da Atlantik Şurasında “Qara Dəniz-Xəzər enerji təhlükəsizliyi” layihəsində, Ukraynanın “Kyiv Weekly” qəzetində müxtəlif vəzifələrdə çalışıb, 2012-2020-ci illərdə İKT sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub, 2020-ci ildə əvvəlcə KOBİA-nın İH sədrinin müşaviri olub, daha sonra isə sədr müavini olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...