Maliyyə naziri 2011-ci ilin büdcəsinə dəyişikliklər barədə məlumat verib
Milli Məclisin bugünki iclasında maliyyə naziri Samir Şərifov 2011-ci ilin büdcəsinə dəyişikliklər barədə məlumat verib. SİA-nın məlumatına görə, nаzir bildirib ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır. Onun sözlərinə görə, bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29 faiz çoxdur. S. Şərifov söyləyib ki, büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfer hesabına təmin ediləcək: "Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25 faiz artırılır. Artımdan sonra xərclərin 48,4 faizini və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4 faizini və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2 faizini və ya 346,7 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək".
Maliyyə naziri qeyd edib ki, cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 mln. manatın 462,7 mln. manatı və ya 66,3%-i ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlarla əlaqədar 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləği arasındakı fərqin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək. O həmçinin qeyd edib ki, dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8 faizi həcmində və yaxud 2 484,1 mln. manat vəsait yönəldiləcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş ilkin göstəriciyə nisbətən 73,5 faiz çoxdur: "Büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687 mln. manat vəsaitin əlavə gəlirlər hesabına 300 mln. manat azaldılması nəzərdə tutulur"
Nazir həmçinin bildirib ki, Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 20 АBŞ dolları artırılaraq 80 ABŞ dollarına çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB